Qılıncoynatmada durğunluq başa çatdı: Bu ay millilərimizi Dünya Kubokları gözləyir

0
304

Azərbaycan Qılıncoynatma Federasiyası bir ildən çox olan durğunluğunu pozmaq üzrədir.

İlk olaraq qılıncoynatmanın sablya növü üzrə qadın millimiz idman səhnəsinə çıxacaq.

Belə ki, 11-14 mart tarixlərində Macarıstanın paytaxtı Budapeştdə Dünya Kuboku yarışı keçiriləcək. Bu yarışda Səbinə Kərimova, Sevil Bünyatova, Anna Başta, Valeriya Bolşakova mübarizə aparacaq. İdmançılarımız 11-13 martda fərdi, 14 martda komanda şəklində yarışacaq.

Qılıncoynatmanın şpaqa növü üzrə Kənan Əliyev, Ruslan Həsənov, Xalid Əliyev, Barat Quliyev, Fərrux Səfərovdan ibarət kişi millimiz 19-23 martda Rusiyanın Kazan şəhərində keçiriləcək Dünya Kubokunda iştirak edəcək. 19-21 martda idmançılarımız fərdi, 22-23 martda isə komanda şəklində yarışacaq.

Qeyd edək ki, aprelin 5-də açıqlanacaq rəsmi reytinqə əsasən Olimpiadaya lisenziya qazanan idmançılar (ilk 24 idmançı) müəyyənləşəcək. Hazırkı reytinqə əsasən idmançılarımızın lisenziya qazanması mümkünsüz görünür.

Lakin 17-18 aprel tarixlərində İspaniyanın paytaxtı Madriddə reytinqlə lisenziya qazana bilməyən qılıncoynadanlar üçün Avropa Zona Təsnifat turniri keçiriləcək. Bu yarışlardan hər üç növ (sablya, şpaqa və rapira) üzrə iki idmançı Olimpiadaya vəsiqə qazanacaq.

Olimpiadaya qədər isə idmançılarımızı mötəbər yarışlardan iyunda keçiriləcək Avropa çempionatı gözləyir. Lakin bu yarışın dəqiq tarixi və məkanı hələ bilinmir.