Rusiyalı idmançılar atletlərimizin yarışacağı Avropa çempionatına buraxılmayacaq

0
355

Rusiyalı idmançılar 5-7 mart tarixlərində Polşanın Torun şəhərində keçiriləcək atletika üzrə qapalı məkanda Avropa çempionatında iştirak edə bilməyəcək.

Buna səbəb Rusiyadan olan idmançıların Səlahiyyətli Neytral Atletlər (ANA) qismində iştirakına icazə verilməməsidir.

Ümumiyyətlə, Dünya Atletikası Ümumrusiya Yüngül Atletika Federasiyasının və ya ANA-nın statusunu ən yaxşı halda 17-18 martda keçiriləcək növbəti iclasında təsdiqləyə bilər. Həmin iclasda rusiyalı atletlərin 10-dan çox idmançısına Dünya Atletika Seriya yarışlarında iştirakına icazə verilib-verilməməsi müzakirə olunacaq.

Qeyd edək ki, Ümumrusiya Yüngül Atletika Federasiyasının prezidenti Dmitri Şlyaxtin, eləcə də qurumun rəhbər əməkdaşlarından Aleksandr Parkin, Artur Kərəmyan, Yelena Orlova və Yelena İkonnikova 2018-ci ilin avqustunda dopinqə düşmüş Daniil Lısenkonun sənədlərini saxtalaşdırmaqda ittiham olunublar və dörd il müddətinə idman fəaliyyətindən kənarlaşdırılıblar.

Sözügedən qurum bundan sonra üç prezident dəyişib. Əvvəl Yevqeniy Yurçenko (28 fevral – 13 iyul 2020), daha sonra Pyotr İvanov (30 noyabr 2020 – 13 fevral 2021) quruma rəhbərlik edib. İvanovun istefasından sonra federasiyaya rəhbərliyi vitse-prezident olan qaçış üzrə Olimpiya, dünya və Avropa çempionu İrina Privalova icra edir.

Onu da bildirək ki, sözügedən Avropa çempionatında Azərbaycan millisinin də iştirakı planlaşdırılır. Məsələn atletikanın üçtəkanla tullanma növündə ölkəmizi qapalı məkanda analoji turnirin son qalibi (2019-cu il, Qlazqo) Nazim Babayev təmsil edəcək.