“Masters”in masterləri kimlər oldu? – YEKUN

0
332

Qətərin paytaxtı Dohada keçirilən cüdo üzrə nüfuzlu “World Masters” turniri başa çatıb.

Yarışda dünyanın ən güclü cüdoçuları ilə yanaşı, Azərbaycan idmançıları da mübarizə aparıblar.

Milli komandamız beynəlxalq yarışda iki medal qazanmağa müvəffəq olub. Bu nailiyyətə legionerlərimiz imza atıb. Zelim Kotsoyev (-100 kq) və İrina Kindzerskaya (+78 kq) yalnız finalda uduzaraq gümüş medal qazanıblar.

Azərbaycan millisi nəticədə iki gümüş medalla səkkizinci olub. Fransa beş qızıl, bir gümüş və bir bürünc medalla ən yaxşı nəticə göstərən komanda adını qazanıb. Cənubi Koreya üç qızıl medalla ikinci, Yaponiya isə iki qızıl və beş gümüş medalla üçüncü olub.

Yarışdan sonra Beynəlxalq Cüdo Federasiyası ən yaxşı qadın və kişi cüdoçusunu xüsusi mükafatla təltif edib. Finalda İrina Kindzerskayaya ipponla qalib gəlməklə “Masters” turnirində ilk qızıl medalını qazanmış Fransa idmançısı Roman Diko ən yaxşı qadın cüdoçu seçilib. 21 yaşlı Diko keçirdiyi dörd görüşdə ippon etməklə rəqiblərini cəmi 9 dəqiqə 3 saniyəyə məğlub edib.

Ən yaxşı kişi idmançı isə gürcüstanlı Tato Qriqalaşvili olub. 21 yaşlı idmançı da dörd dəfə ipponla qalib gəlib. Bu üzdən 81 kq çəki dərəcəsi üzrə yarışan Tato tatamidə cəmi 16 dəqiqə 33 saniyə mübarizə aparıb.

Xatırladaq ki, Dohada mübarizə aparan cüdoçularımızdan Nicat Şıxəlizadə, Orxan Səfərov, Elmar Qasımov, Aişə Qurbanlı və Leyla Əliyeva yarışı medalsız başa vurublar. Bu yarışda aparıcı cüdoçularımızdan Rüstəm Orucov, Hidayət Heydərov, Məmmədəli Məmmədov və Uşanqi Kokauri zədə səbəbindən iştirak etməyib.

Qeyd edək ki, cüdo millimizin növbəti sınağı İsrailin paytaxtı Təl-Əvivdə olacaq. Bu, 18-20 fevralda keçiriləcək Böyük Dəbilqə yarışı olacaq.