Hüseyn Cavidin qızını sevən, ömür boyu evlənməyən Xalq yazıçısı – Maraqlı faktlar

0
471

Bu gün Azərbaycanın Xalq yazıçısı, nasir, kinodramaturq, ssenari müəllifi, tərcüməçi, Ənvər Məmmədxanlının doğum günüdür. Yazıçı haqqında maraqlı faktları təqdim edir.
Ənvər Məmmədxanlı 1913-cü ildə Göyçayda anadan olub. Orta məktəbi Göyçayda bitirən yazıçı Bakıda N. Nərimanov adına Sənaye Texnikumunda təhsil alıb.

Azərbaycan Neft Akademiyasına daxil olsa da ali təhsilini yarımçıq qoyub. İxtisasca mühəndis olan Ənvər Məmmədxanlının mühəndisliyi buraxıb yazıçılığın dalınca getməsi ailələrində söz-söhbətə səbəb olub. Atası ali məktəbi yarımçıq qoyub yazıçılığı seçməsinə görə ömür boyu ondan narazı qalıb.
***
Xalq şairi Rəsul Rza ilə həm xalaoğlu, həm əmioğlu olublar.
***
“Babək” romanının qələmə alsa da romanı tamamlaya bilməyib. Yazıçının ölümündən sonra Anar həmin romanı və “Babək” kinossenarisini birləşdirib “Azərbaycan” jurnalında çap etdirib.
***
Deyilənə görə, Ənvər Məmmədxanlı Hüseyn Cavidin qızı Turanla bir-birini seviblər, amma qovuşa bilməyiblər. Hüseyn Cavid repressiya olunandan sonra “xalq düşməninin qızı” ilə evlənə bilməzdi. Buna görə Turan xanımla evlənmir, amma özünü də bağışlamır və həyatı boyu ailə qurmur. Turan xanım da bunu bildiyi üçün o da ailə qurmur və ömrünün sonuna kimi Ənvər Məmmədxanlının bacısı Həbibə xanımla rəfiqə olur.
***
Yazıçı Mövlud Süleymanlının “Dəyirman” povesti haqsız tənqidlərə məruz qalanda Mövlud Süleymanlının müdafiəsinə qalxıb.
***
Səməd Vurğun 1938-ci ildə yazdığı bir məqaləsində Ə.Məmmədxanlının “Ayrıldılar” adlı hekayəsini tənqid edib. Hekayəni bəyənməyən Xalq şairi hətta “Axı niyə ayrıldılar?” adlı bir məqalə də yazmışdı.

Məşhur Dağıstan şairi Rəsul Həmzətovla Rəsul Rzanın evində mübahisə edib. Həmzətovun sərt sözlərinə dözə bilməyən Ənvər Məmmədxanlı ayağa qalxıb və ona şillə vurub. Lakin Yusif Səmədoğlunun araya girməsi şillənin Həmzətova dəyməsinə mane olub.
***
Əslində 1913-cü il fevralın 29-u anadan olan Ənvər Məmmədxanlının doğum günü ancaq dörd ildən bir qeyd olunacağı üçün 28-nə salınıb.
***
Mehdi Hüseynlə yola getməyiblər. Gah dalaşıb, gah da barışan yazıçılara bir gün Mircəfər Bağırov neftçilər mövzusunda birlikdə ssenari yazmağı təklif edib, hər ikisi birlikdə işləməkdən imtina etsələr də, bir neçə il sonra “Fətəli xan” filminin ssenarisini bir yerdə yazıblar.

Münasibətləri soyuq olsa da ilk dəfə Mehdi Hüseyndən Turan Cavidə görə xahiş edib ki, onu işə götürsün. Mehdi Hüseyn də Turan xanımı işə götürüb.
***
Mircəfər Bağırova sözünü çəkinmədən, qorxmadan deyə bilirmiş. Hətta dəfələrlə Bağırovla söz güləşdirməsinin nəticəsi olaraq Yazıçılar İttifaqından uzaqlaşdırılıb, adı hər yerdə qara siyahıya salınıb.
***
1957-ci ildə Akademik Dram Teatrında tamaşaya qoyulan “Şərqin səhəri” əsəri SSRİ Dövlət mükafatına layiq görülsə də mükafat alanların siyahısında müəllifin adı qeyd edilməyib.
***
1990-cı ilin 19 dekabrında Bakıda vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.