Şəhidlik zirvəsinə yüksələn kapitan Seymur Cabbarovun qəhrəmanlıq yolu – MÜSAHİBƏ

0
459

Azərbaycan Ordusunun hərbi qulluqçuları öz cəsarəti, hünəri ilə seçildiyi kimi mərhəməti, qayğıkeşliyi ilə də tarix yazıblar. 44 günlük Vətən Müharibəsinin iştirakçısı, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, kapitan Seymur Cabbarov da həmin qəhrəmanlardandır.

Seymur İlham oğlu Cabbarov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çərçiboğan kəndində anadan olub. 2004-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olan S.Cabbarov 2008-ci ildə oranə bitirib. Eyni ildə müdafiə nazirinin əmrinə əsasən, leytenant hərbi rütbəsi alıb.

Gəncə, Gədəbəy, Füzuli, Naxçıvan, Ağcabədi və Beyləqan kimi rayonlarda xidmətdə olub.

Düşmənlə qızğın döyüşlərdə onların çoxsaylı canlı qüvvəsini məhv edən kapitan Seymur Cabbarov barəsində onun bibisi oğlu Azərbaycan Silahlı Qüvvələrinin zabiti, kapitan Nail Cabbarov danışıb.

Nail Cabbarov deyir ki, bibisi oğlu ilə bərabər Vətən Müharibəsində iştirak ediblər. S.Cabbarov şəhid olsa da, Nail Cabbarov xidmətini davam etdirir.

– Seymur Cabbarov müharibənin ilk günlərindən ön cəbhədə olub?

– Seymur sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsində fəal iştirak edib. Əsgərləri ilə birlikdə döyüşüb, erməni hərbçilərini məhv ediblər. Mən də xidmətdə idim. Ayrı-ayrı istiqamətlərdə olduğumuz üçün o məndən nigaran idi, mən də ondan. Seymur mənim bibim oğlu olsa da, biz qardaş kimi böyümüşük. Fürsət tapan kimi telefonla danışırdıq. Məlum məsələdir ki, bizim sahədə məxfilik önəmlidir. Bir-birimizə ətraflı məlumat verə bilmirdik, amma ikimiz də hərbçi olduğumuz üçün hər şeyi anlayırdıq. Ancaq salamat olduğumuzu deyirdik ki, nigaranlıq olmasın.

Ancaq nailliyətlərdən danışırdıq. Bu, bizə güc verirdi, zəfərdən motivasiya alırdıq. Hər dəfə deyirdi ki, qardaşım, daha da irəliyə getdik. Danışırdı ki, düşmən döyüş texnikalarını qoyub qaçır. Hələ döyüşlər başladığı bir neçə gün olardı, mənə dedi ki, Nail, onlar indidən məğlub oldular, qisasımızı aldıq.

– Şəhid olmağı gözə almışdınız?

– Qətiyyən şəhid olacağını düşünmürdü. Çünki, Seymur hər zaman çevik, təcrübəli hərbçi olub. Bütün xidməti illərində özünü yaxşı cəhətdən göstərib. Gədəbəydə taqım komandiri olub, daha sonra tabor komandirinə qədər vəzifəsini artırıblar. Seymur elə bir insan idi ki, çətinlik bilməzdi. Ən çətin iqlim və relyef şəraitinə uyğunlaşmış təcrübəli zabit idi.

– Şəhidimiz hansı istiqamətlərdə gedən döyüşlərdə iştirak etdi?

 – Füzuli istiqamətində gedən döyüşlərdə olub. Oktyabrın 3-də gecə saatlarında əməliyyat keçirilib. Əməliyyatda irəlidə özü gedib. Şəxsi heyətin döyüş texnikasının təhlükəsizliyini təmin etməklə yanaşı, düşmənin texnikalarına ağır zərbə vurub.

“Mən qoymaram balalarım (əsgərlərim) şəhid olsun”

– Sonuncu dəfə onunla nə vaxt danışdınız?

– Oktyabrın 1-də əlaqə saxlamışdıq. Dedi ki, hər şey yaxşıdı, sabah çox vacib əməliyyatımız olacaq, inşallah, qələbə bizimlədi. Axşam saatları idi. Döyüşlərə ailəsi ilə halallaşıb getmişdi. Oktyabrın 2-si nə həyat yoldaşı, nə də mən Seymurla əlaqə saxlaya bildik. Sonuncu dəfə mənə özü demişdi ki, irəli gedəcəyik. Ehtiyatla soruşdum ki, qardaş, şəhidimiz var? Mənə dedi ki, yoxdu, qoymaram balalarımın (əsgərlərimin) biri də şəhid düşsün. Biz bura qisas almağa gəlmişik.

Təəssüf ki, oktyabrın 3-də Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə kapitan Seymur Cabbarov şəhid olub. Mən gözləyirdim ki, o, sağ-salamat, qalibiyyətlə geri dönəcək. Amma qismət olmadı.

– Şəhid xəbərini necə aldınız?

– Oktyabrın 3-də Şərur rayon hərbi komisarlığında atam, ehtiyatda olan mayor Əliyar Cabbarova keçmiş iş yoldaşları məlumat vermişdi. Amma xidmətdə olduğum üçün məndən gizlətmişdilər.

Həmin gün çox narahat idim. Ürəyimdə nəsə hiss vardı ki, pis bir şey olub. İki gün idi ki, səsini eşitmirdim. Paralel irəlilədikləri dəstələrdən Seymuru soruşurdum, zabit yoldaşları da heç nə bilmirdilər.

Həmin günün axşamı zabit yoldaşı zəng vurub, mənə baş salığı verdi. Naxçıvanda mənimlə kursant olan yoldaşı da zəng vurub, “Allah rəhmət eləsin” dedi. Eşidəndə dizlərim taqətdən düşdü. Bir tərəfdən qürurluyam, şərəf duyuram. Digər tərəfdən qətiyyən inanmadım. Dedim yəqin ki, səhv olub, anlaşılmazlıq olub. Çox həyəcanlandım. Yoldaşımı yığanda dedi ki, Maral xanımın yanına gedirik… Artıq onda bildim ki, doğrudur. Sağ olsun rəhbərliyim, zabit kimi şərait yaratdı ki, Seymurla vidalaşım. Qardaşımı son dəfə görüb, xidmətimə geri qayıtdım.

– Hərbçi yoldaşları onun necə şəhid olduğunu dedi?

– Döyüş əsnasında onların qərərgah rəisləri şəhid olmuşdu. Hərbi hissə rəhbərliyi ona qərərgah rəisi vəzifələrini icra etməsini tapşırıb. O da şəxsi heyətlə bölmənin zabitlərinə tapşırıq verib, öz yerinə bir zabit təyin edib. Getməzdən qabaq müvəqqəti yaradılmış postda olan hərbi qulluqçularla bir-bir sağollaşıb, uğurlar diləyib.

Elə həmin vaxt düşmən artilleriyası Seymurgilin olduqları mövqeni atəşə tutub. Atəş zərbəsi zamanıSeymur qəlpə yarası alıb. Həmin gün Füzuli istiqamətində ağır döyüşlər başlayıb. Zabit yoldaşlarının dediyi kimi tək həmin həmlədə tabeliyində olan hərbi qulluqçular qardaşımın qisasını alıblar. 30-dan çox erməni əsgərini məhv ediblər. Döyüşlər uzandığı üçün Seymuru atəş altından çıxarmaq olmur. Saatlarla yaralı qaldıqdan sonra tapılıb. Onu təhlükəsiz mövqeyə aparmaq istəsələr də, nail ola bilmirlər. Tapanda sağ olsa da, çox qan itirdiyi üçün şəhid olub.

Onu son görən zabit deyir ki, Seymur son nəfəsində bir stekan su istəyib. Sonra söhbət əsnasında öyrəndim ki, Seymur şəhid olan gecə oğlu Nihat da narahat olub. Gecə yarısı durub anasından su istəyib. Sanki atasının hansı vəziyyətdə olduğu uşağa əyan olub. Çox qəribədir.

– Hansı nahiyəsindən qəlpə yarası almışdı?

– Yarası haqqında ətraflı məlumat verilmədi. Sadəcə morqda üzünü gördüm, vəssalam. Qardaşım ölümün gözünə dik baxıb, şəhadətinə gülərək yüksəlib. Onun şəxsi əşyalarını götürən zaman paltarlarına baxırdım. Hərbi formasının aşağı ətraflarını kəsilmiş və yanmış formada gördüm.

Şəhid kapitan Seymur Cabbarovun Vətənə əmanət iki övladı qalıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin