Sonuncu döyüşü Qubadlıda oldu: Tatamidən cəbhəyə – foto

0
438

Cənub bölgəsinin tanınmış idmançılarından olan Emin Qurbanovun Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmasından 40 gün ötür.

1980-ci ildə Lənkəran şəhərində anadan olan Emin Qurbanov uşaqlıqdan idmanı sevib, onunla peşəkar şəkildə məşğul olub. İxtisasca güləşçi olsa da, güc idman növlərinə meylli olan Qurbanov, pauerliftinqdə böyük uğurlara nail olmağı bacarmışdı. 

O, dəfələrlə Azərbaycan çempionu, benç-press növündə isə 212 kq-la Azərbaycan rekordunun sahibi idi. Tanınmış tələbələri də olan mütəxəssisin yetirmələri həm daxili, həm də beynəlxalq yarışlarda qələbələr qazanaraq, Azərbaycanın bayrağını yüksəltmiş, ölkəmizi layiqincə təmsil etmişdi.

Lənkəran şəhər Dövlət Universitetinin hərbi və fiziki hazırlıq, gənclərin çağırışaqədərki hazırlıq kafedrasının məzunu olan Emin Qurbanov, ehtiyatda olan zabit kimi ilk günlərdən Vətən müharibəsinə yollanıb, öz borcunu layiqincə yerinə yetirib. 26 oktyabr tarixində Qubadlı rayonunun işğaldan azad olunması əməliyyatı zamanı kəşfiyyat komandiri olan leytenantımız qəhrəmancasına şəhid oldu.

Onun xatirəsi daima bizimlə yaşayacaq! Allah rəhmət eləsin!