Azərbaycan və Özbəkistan prezidentləri arasında telefon danışığı olub – VİDEO

0
363

Dekabrın 11-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Özbəkistan dövlətinin başçısı Azərbaycan Prezidentini Dağlıq Qarabağda hərbi əməliyyatların başa çatması münasibətilə səmimi qəlbdən təbrik edib, qardaş ölkənin dost xalqına sülh və firavanlıq arzulayıb. Dövlət başçıları bütün Cənubi Qafqaz regionunda təhlükəsizliyin və sabitliyin təmin ediləcəyinə ümidvar olduqlarını bildiriblər.

Söhbət zamanı Özbəkistan-Azərbaycan çoxplanlı münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Dərin məmnuniyyət hissi ilə qeyd edilib ki, pandemiya ilə bağlı mürəkkəb dövrdə göstərilən qarşılıqlı dəstək iki dövlət arasında çoxəsrlik dostluğu və əməkdaşlığın strateji xarakter daşımasını bir daha nümayiş etdirib.

Dövlət başçıları qarşılıqlı ticarətin həcminin artırılmasına, sənaye və kənd təsərrüfatı, energetika, nəqliyyat və logistika, turizm və digər sektorlarda aparıcı müəssisələrin kooperasiyasının genişlənməsinə yönəlmiş birgə proqramların və layihələrin fəal surətdə həyata keçirilməsinin vacibliyini ayrıca qeyd ediblər. Tərəflər regionlararası və mədəni-humanitar mübadilələri intensiv şəkildə davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.

Söhbət zamanı Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev qlobal və regional strukturlar çərçivəsində sıx dialoq saxlamaq barədə razılaşıb, yüksək səviyyədə gələcək ikitərəfli və çoxtərəfli tədbirlərin cədvəlini nəzərdən keçiriblər.