Müharibədə bir ailədən döyüşən dörd qardaş – FOTO

0
415

Tovuz rayonunda Hüseynovlar ailəsinin dörd oğlu 44 günlük Vətən müharibəsində ön cəbhədə vuruşub. Onlar rayonun Dondar Quşçu kəndindən olan dörd qardaş – Səməd, Afiq, Elnur və Kamran Hüseynovlardır. Qardaşlardan üçü zabit, biri isə müddətdən artıq xidmət edən (MAXE) hərbçidir. 

Bu barədə hərbçilərin atası Mahir Hüseynov deyib. 

“Oğlanlarım Vətən uğrunda döyüşüblər, öz borclarını yerinə yetiriblər. Böyük oğlum Səməd Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. Sonra Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində təhsilini davam etdirib, mayordur. İkinci oğlum Afiq MAXE-dir, 2014-cü ildən artilleriya sürücüsüdür. Üçüncü oğlum Elnur da əvvəlcə Cəmşid Naxçıvanski adına hərbi liseyi, sonra isə Ali Hərbi Təyyarəçilik Məktəbini bitirib. Döyüşlərdə düşmən təyyarələrinin havada məhv edilməsində onun da xidmətləri var, mayordur. Ən kiçik oğlum Kamran da qardaşları kimi Cəmşid Naxçıvanski adına hərbi liseyi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini bitirib, leytenantdır. Hazırda helikopter pilotudur”. 

Hərbçilərin atası Mahir Hüseynov

Mahir Hüseynovun sözlərinə görə, o, özü 90-cı illərdə yaradılan Tovuz Batalyonunun üzvü olub. Oğullarının hərbçi kimi yetişməsində əsas rolu ata oynayıb:

“Sovet ordusundan 3-cü qrup əlil kimi qayıtmışdım. Müharibə başlayanda könüllü olaraq başıma dəstə yığdım. Oğullarım da məni görüb hərbçi olublar. Bir ata kimi çox sevinirəm ki, Azərbaycanıma, xalqıma belə oğullar vermişəm. Bu oğullar təkcə mənim yox, Azərbaycan xalqının övladlarıdır. Fəxr edirəm ki, bir ailədən ata ilə birlikdə beş hərbçi yetişib. Oğullarım hər dəfə evimizə gələndə onlara deyirdim ki, ancaq irəli gedin, əzin düşməni, atanıza oxşayın. Onların hər bir işi bu 44 gündə mənim gözümün qabağında olub. Mən istədiyim kimi oğul olublar, zəhərli ilanların başını əziblər. Düşməni torpaqlarımızdan çıxarıblar”. 

M. Hüseynov deyir ki, yaşı imkan versəydi, yenə də ordu sıralarına qatılardı:

“İndi bu qələbəmizə görə hərbçi yoldaşlara paxıllığım tutur. Fikirləşirəm ki, niyə mən də döyüşlərdə iştirak edə bilmədim?! Gərək mən də döyüşəydim. Mən oğullarıma həmişə uğurlu yol arzulamışam. Doğrudur, ata kimi narahat olurdum. Amma özümə borc bilirdim ki, hərbi hissələrə baş çəkim. Çünki bizim üçün döyüşmək gec olsa da, hərbçilərə bizim ağıllı məsləhətlərimiz lazımdır”.