Yevlax-Xankəndi dəmir yolunun bir hissəsinin yenidən qurulmasına başlanıldı

0
305

Ümumi uzunluğu 104 kilometr olan Yevlax-Xankəndi xəttinin Bərdə-Ağdam hissəsinin yenidən qurulması işlərinə başlanılıb.

Bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən bildiriblər. Qeyd olunub ki, hazırda xəttin Bərdə-Köçərli sahəsi fəaliyyət göstərir:

“Ermənistanın işğalı nəticəsində digər sahələrdə olduğu kimi, dəmir yolu infrastrukturuna da ziyan dəyib. Mövcud dəmir yolu xətləri dağıdılıb, yollar, stansiyalar, ərazidəki hərəkət vasitələri (vaqonlar, lokomotivlər) və digər qurğu və avadanlıqlar tamamilə məhv edilib. Ermənistanın uzun müddət işğal altında saxladığı əsas dəmir yolu xətlərinin (baş yolların) ümumi uzunluğu 240,4 km olub.

Bu xətlər Horadiz-Ordubad sahəsində 144 km-dir. O cümlədən 43 km dəmir yolu xətti Ermənistanın Mehri rayonu ərazisindən (Zəngəzurdan) keçir. Yevlax-Xankəndi sahəsində 51 km, Mincivan-Qafan sahəsində 39,1 km, Qazax-Barxudarlı sahəsində 6,3 km təşkil edir.
Həmin ərazilərdə 23 stansiyamız qalmışdı, o cümlədən 5 stansiya Mehri rayonu ərazisindədir. Bundan əlavə, 85,5 km yan yollar işğalda ikən dağıdılıb.

Cənab Prezident, Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz işğala son qoydu. Digər qurumlar kimi “Azərbaycan Dəmir Yolları” QSC-nin müvafiq strukturları tərəfindən mənfur düşmənin dəmir yollarına vurduğu ziyanın həcmi hesablanır. Dəmir yollarının yuxarıda qeyd etdiyimiz sahələrinin bərpa edilməsi üçün müvafiq təkliflər hazırlanır. O cümlədən, ümumi uzunluğu 104 km olan Yevlax-Xankəndi xəttinin Bərdə-Ağdam hissəsinin yenidən qurulması işlərinə başlanılıb. Bərdə-Köçərli sahəsi hazırda işləyir”.

QSC-dən əlavə edilib ki, digər aidiyyəti qurumlar ərazidəki zəruri işləri tamamladıqdan, xüsusilə həmin ərazi minalardan təmizləndikdən sonra əsaslı infrastruktur layihələrinə başlanılacaq.