Vüsalın atası “Topçu” arağının istehsalının dayandırılmasını İSTƏDİ: “Səhv qərar olub”

0
514

“AZGRANATA” MMC tərəfindən “Topçu” adlı yeni vodka məhsulunun istehsalı sosial şəbəkə istifadəçiləri tərəfindən tənqidlə qarşılanıb. Bəzi istifadəçilər müqəddəs amal uğrunda döyüşən hərbçinin fotosunun içki üzərində əks olunmasının yolverilməz olduğunu vurğulayıblar.


“AZGRANATA” MMC-nin İctimaiyyətlə əlaqələr üzrə meneceri Ülvi Günəşli
açıqlamasında bütün prosedurların qanunauyğun şəkildə həyata keçirildiyini deyib:

“Şirkətimizin rəhbərliyi topçu əsgər Vüsal Şahkərəmovun atası Şahkərəmov İslam Hacıağa oğlu ilə danışaraq, ondan rəsmi olaraq icazə alıb.

Belə olduğu halda, bu məhsulun müəssisəmizdə istehsal edilməsinə, satışa göndərilməsinə heç bir problem və qanunauyğunsuzluq halı yoxdur.

“AZGRANATA” MMC olaraq fəaliyyətimiz dövründə hər zaman dövlətimizin ali qanunlarına əməl edərək, xalqımıza keyfiyyətli məhsullar təqdim etməyi özümüzə vacib borc bilmişik”.

Məsələ ilə bağlı topçu Vüsalın atası İslam Şahkərimov şirkət tərəfindən onun razılığının alındığını təsdiqləyib.

Əsgərin atası deyib ki, bunun üçün şirkətlə hansısa müqavilə imzalanmayıb və ödəniş olunmayıb:

“Mənimlə əlaqə saxladılar və bildirdilər ki, Vüsalın fotosu olan məhsul istehsal etmək istəyirlər, razılıq verdim. Amma indi narazılıq yarandığını görürəm. Ona görə də qərara gəldim ki, şirkətə oğlumun fotosu olan məhsulun istehsalının dayandırılması ilə bağlı müraciət edim. Çünki anlayıram ki, doğru qərar olmayıb”.