Rasim Məmmədov DNF-nin iclasında gündəliyi dəyişən müzakirə açdı

0
935
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 10-cu komissiya iclasında “Təzadlar”ın baş redaktoru Asif Mərzili də iştirak edib

Bu gün Azərbaycan Dövlət Neft Fondunda Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə komissiyasının 10-cu iclası öz işinə başlayıb. İclas Fondun sədri Şahmar Müslümovun sədrliyi ilə keçirilib. Komissiyanın iclasında Azərbaycanın neft sənayesi üzrə ixtisaslaşmış şirkətləri, o cümlədən SOCAR, TPAO, Lukoil, SBC Upstream, R.V.İnvestment, İTOCHU Oil, BP, VDO Azerbajan, Asiya İnkişaf Bankı və digər strukturların rəsmiləri iştirak ediblər. İclasda həmçinin Vətəndaş cəmiyyətlərinin (QHT-lərin) rəhbərlərindən Mirvari Qəhrəmanlı, İlham Şaban, İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov və başqaları olublar.

Komissiyanın iclasını açıq elan edən Dövlət Neft Fondun direktoru Şahmar Müslümov qonaqları salamladıqdan sonra gündəlikdə duran 8 məsələ ətrafında müzakirələrə başlanılıb. Olduqca maraqlı müzakirələrin gedişində təkliflər verilib, bir sıra hesabatların «Dövlət sirri haqqında» Qanunun tələbləri nəzərə alınmaqla ictimailəşdirilməsinə qərar verilib.

Rasim Məmmədov DNF-nin iclasında gündəliyi dəyişən müzakirə açdı

«Biz elə etməliyik ki, vətəndaş cəmiyyətinin üzvlərinin təkrar sualına yer qalmasın…», – deyən vergilər nazirinin birinci müavini Sahib Ələkbərov fikrini belə əsaslandırıb: «Hər şey şəffaf olmalıdır və elə edilməlidir ki, qaranlıq qalan suallara cavab axtarmaq üçün onlar bizi yox, biz onları axtaraq…».

Sonra mövzu ətrafında çıxış edən İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov komissiyanın iclasının gündəliyini dəyişən olduqca maraqlı bir məsələyə toxunub:

– Mən bu gün bir ictimai təşkilatın tədbirindən çıxaraq buraya gəldim. Orada mayın 29-da Bakıda futbol üzrə Avroliqanın final matçında iştirak edəcək erməni əsilli, adını çəkib hörmətləndirmək istəmədiyim futbolçunun ətrafında yaranmış süni ajiotaja və Böyük Britaniya XİN-nin yersiz bəyanatına dair sönük müzakirələr oldu… Mən burada görürəm ki, Dövlət Neft Fondunun iclasında xeyli əcnəbi şirkətlərin, eləcə də Böyük Britaniyanın tanınmış şirkətinin rəsmi nümayəndəsi iştirak edir. Sual edirəm, qoy, onlar cavab versinlər: 1994-cü ildən Azərbaycanda neft hasilatı ilə məşğuldurlar. Onların bəzi şirkətləri isə Azərbaycanda digər sahələrdə fəaliyyət göstərirlər. İndiyədək onların təhlükəsizliyinə dair bir narahatlıqları olubmu? Niyə həmin şirkətlərin rəsmiləri Böyük Britaniya Xarici İşlər Nazirliyinin məlum bəyanatına adekvat cavab vermirlər ki, axı biz Azərbaycan qədər sabit ölkə tanımırıq, burada pul qazanmaq da asandır, yaşamaq da, işləmək də… Xahiş edirəm, burada iştirak edən nümayəndələr susmasınlar…

Rasim Məmmədovun dövləti maraqlarımızın müdafiəsinə çağırış mahiyyətli bu çıxışına rəğbətini ifadə edən DNF-nin direktoru Şahmar Müslümovun reaksiyasından sonra BP-nin rəsmisi Tamam Bayatlı, eləcə də ARDNF-nin katibliyinin eksperti Bədir Bayramov fikirlərini bildiriblər. B.Bayaramov qeyd edib ki, bu ilin aprelində Bakıda Böyük Britaniyadan olan mütəxəssislərin iştirakı ilə bir iclas keçirilib:

– Həmin iclasda 3 Britaniyalı mütəxəssislər iştirak edirdilər. Onlar Bakıda keçirdikləri günlərdən o qədər rahat idilər ki, hətta biləndə ki, Avroliqanın futbol üzrə final yarışı Bakıda keçiriləcək, ezamiyyə müddətlərini artıraraq Azərbaycanda qalıblar ki, bu yarışı izləsinlər… Bu elə o deməkdir ki, həqiqətən də Bakı sabitlik şəhəridir.

Tamam Bayatlı da Rasim Məmmədovun fikirləri ilə bağlı mövqeyini diqqətə çatdırıb:

– Britaniya XİN-nin narahatlıq doğuran bəyanatı ortaya çıxanda biz dərhal işə başladıq. Şirkət olaraq siyasətə qarışa bilmərik, amma vitse-prezidentin müsahibəsini hazırladıq və Azərbaycandakı uzunmüddətli rahat fəaliyyətimizi, buradakı təhlükəsizlik şəraitini əsaslandıraraq mətbuatda yaydıq. Yəni, əlimizdən gələni etdik, seyrçi qalmadıq.

***

Sonda İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov müzakirə edilən digər məsələlərlə bağlı təkliflərini verib, Dövlət Neft Fondunun sədri Şahmar Müslümovla, eləcə də vergilər nazirinin birinci müavini Sahib Ələkbərovla, ekologiya nazirinin müavini Firdovsi Əliyevlə və digər rəsmi şəxslərlə görüşərək eksklüziv münasibətini açıqlayıb.

Xatırladırıq ki, Dövlət Neft Fondunun bugünkü komissiya iclasında vətəndaş cəmiyyətinin üzvü olaraq «Təzadlar»ın baş redaktoru Asif Mərzili də iştirak edib, müzakirələrdə eksklüziv mövqeyini bildirib.

Seymur Abbaslı

Rasim Məmmədov DNF-nin iclasında gündəliyi dəyişən müzakirə açdı