Türkiyədən Fransa Senatına sərt mesaj: Gülünc və qərəzli!

0
336

Fransa Senatının Qarabağla bağlı qəbul etdiyi qətnamə beynəlxalq hüququn ən təməl prinsiplərinin daxili siyasətə qurban verilməsinin bariz nümunəsidir.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Bəyanatda qeyd edilib ki, Senatın bu qərarı eyni zamanda Fransanın sədrlik etdiyi Minsk qrupunun bu günə kimi məsələni niyə həll etməməsini və tərəf saxladığı açıq şəkildə göstərir:

“Çox təəssüf ki, 30 ilə yaxın müddətdə qətnamələr sadəcə kağız üzərində qalmışdı. Məlum olduğu kimi, BMT qətnamələrində ermənilərin işğal etdiyi torpaqlardan dərhal və qeyd-şərtsiz çıxması göstərilir. Vəziyyət belə olduqda Fransa Senatının Azərbaycanı işğaldan azad etdiyi ərazilərindən çəkilməyə çağırması gülünc, qərəzli və qeyri-real anlaşmanın təzahürüdür.

30 ilə yaxındır davam edən münaqişədə əldə olunan mərhələdə Fransanın düzgün nəticələr çıxarmaqla bölgənin sabitliyi üçün konstruktiv münasibət göstərəcəyinə ümid edirik. Bunun üçün mövcud həqiqətlərə əsaslanaraq beynəlxalq hüquqa uyğun şəkildə birdəfəlik həll yolu tapmaq üçün səy göstərmək kifayətdir. Türkiyə münaqişədə regional sülh və sabitliyə töhfə verəcək şəkildə birdəfəlik həll variantı əldə etmək üçün digər tərəfdaşları kimi Fransa ilə birgə çalışmağa hazırdır”.