Xaricdə təhsil almaq istəyənlərin diqqətinə – Xəbərdarlıq

0
625

Təhsil Nazirliyi 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul prosesinin başlamasını nəzərə alaraq, xaricdə təhsil almaq istəyən abituriyent və ya tələbələri, onların valideynlərini seçim edərkən daha diqqətli olmağa çağırır.

Nazirlikdın verilən məlumata görə, əvvəlki illərdə bu sahədə vasitəçi şirkətlərin xidmətlərindən istifadə edən bir çox vətəndaşlar çətinlik və mənfi hallarla üzləşirlər.

Belə hallarla rastlaşmamaq üçün nazirlik vətəndaşlara təhsil müəssisəsini və tədris proqramını (ixtisası) seçməzdən öncə müstəqil olaraq, birbaşa həmin təhsil müəssisəsinin özünə müraciət edərək (rəsmi internet səhifəsi vasitəsilə), qəbul şərtləri, təhsil haqqı, yaşayış xərcləri və digər tələblər barədə ətraflı məlumat əldə etməyi tövsiyə edir.

Nazirlikdən xüsusi olaraq bildirilib ki, Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, o cümlədən nostrifikasiya prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə məsuliyyət daşımır.

Qeyd edək ki, qeyd olunan məsələlərlə bağlı vətəndaşlara hər hansı şirkət və ya şəxslər tərəfindən verilən vəd heç bir rol oynamır. Belə hallarla rastlaşan vətəndaşlar Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (146-1) məlumat verə bilər.