Azərbaycanlı səfir Kolumbiyanın aparıcı radiolarında erməni terrorundan danışıb

0
399

Kolumbiyanın çoxmilyonlu auditoriyaya malik “Caracol Radio” və “RCN Radio” kanallarında 27 oktyabr tarixində səfir Məmməd Talıbovun Ermənistanın ölkəmizə qarşı terror siyasəti və törətdiyi müharibə cinayətləri haqda müsahibələri efirə gedib.

Bu barədə Azərbaycanın Meksikadakı Səfirliyi məlumat yayıb.

Müsahibələrdə səfir ilk olaraq, Cənubi Qafqaz regionunda ermənilərin məskunlaşma tarixi, Kürəkçay, Gülüstan və Türkmənçay müqavilələri haqda məlumat verib, erməni tərəfinin iddialarının əksinə olaraq, XIX əsrə qədər bu regionda ermənilərin yaşamadığını və yalnız Rusiya-İran və Rusiya-Türkiyə müharibələrindən sonra bu ərazilərə köçürüldüyünü bildirib.

Qeyd edilib ki, sovet hakimiyyəti dönəmində Azərbaycanın əraziləri daxilində yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədləri erməni sakinlərin əksəriyyət təşkil edəcəyi şəkildə müəyyən edilmişdi ki, bu da sonradan ermənilər tərəfindən muxtariyyət tələbləri irəli sürmələri və ərazi iddiaları ilə çıxış edərək Azərbaycandan ayrılmaq cəhdləri üçün əsas kimi istifadə edildi.

Sovet İttifaqının buraxılmasından sonra, 1992-94-cü illərdə isə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz nəticəsində Dağlıq Qarabağ və yeddi ətraf rayon olmaqla beynəlxalq qaydada tanınmış ərazilərinin 20 faizini işğal etdiyini, bu ərazilərdə heç bir suveren dövlət, o cümlədən Ermənistanın özü tərəfindən tanınmamış qondarma rejim yaratdığını, bu torpaqlarda yaşayan 1 milyona yaxın azərbaycanlı sakini etnik təmizləməyə məruz qoyduğunu, habelə işğal edilmiş ərazilərdə Azərbaycana məxsus mədəni irsi məhv etdiyini bildirib.

Sonra təmsilçimiz BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələr, Minsk qrupu çərçivəsində aparılan danışıqlar, Ermənistanın qeyri-konstruktiv yanaşması nəticəsində bu prosesin pozulması, işğalçı dövlətin hərbi-siyasi rəhbərliyinin son iki il ərzindəki təxribat xarakterli bəyanat və addımları, bu xüsusda N.Paşinyanın “Qarabağ Azərbaycandır və nöqtə” kimi açıqlamaları, işğal edilmiş ərazilərin demoqrafik vəziyyətinin dəyişdirilməsinə yönəlik qanunsuz məskunlaşdırma siyasəti barədə məlumat verib və Ermənistanın məqsədinin işğal edilmiş əraziləri birdəfəlik ilhaq etmək olduğunu vurğulayıb.

Ermənistan silahlı qüvvələrinin 27 sentyabr tarixindən etibarən ölkəmizə qarşı növbəti təcavüz cəhdi barədə danışan səfir, son 1 ay ərzində mülki şəhərlərimizə, o cümlədən Tərtər, Mingəçevir, Gəncə və digər şəhərlərimizə xaincəsinə etdiyi hücumlar nəticəsində çoxlu sayda mülki vətəndaşımızın həlak olması və yaralanması haqda məlumat verib və Ermənistanın törətdiyi bu müharibə cinayətlərinin Azərbaycana qarşı dövlət səviyyəsində terror siyasəti güddüyünün sübutu olduğunu söyləyib. Bildirib ki, yaranan durum qarşısında Azərbaycan silahlı qüvvələri mülki vətəndaşların təhlükəsizliyini təmin etmək, işğalda olan ərazilərimizi azad etmək və BMT TŞ qətnamələrninin yerinə yetirilməsinə nail olmaq üçün əks-əməliyyatlar aparır.

Münaqişədə Türkiyənin mövqeyi ilə bağlı suala münasibətdə səfir Türkiyənin Azərbaycanla qardaşlıq əlaqələrinə malik olmaqdan ziyadə, Cənubi Qafqaz ölkələrinin hər üçü ilə həmsərhəd olan yeganə ölkə olduğunu, bu baxımdan regionda sabitləşdirici rol oynadığını, eyni zamanda Minsk qrupunun üzvlərindən biri olduğunu, ölkəmizə siyasi və mənəvi dəstək göstərdiyini və Azərbaycanı dəstəkləyən digər ölkələr kimi beynəlxalq hüquq mövqeyindən çıxış etdiyini bildirib.

Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin qalmasının regionda sülh və təhlükəsizliyə başlıca təhdid olduğunu deyən səfir, işğalçı qüvvələrin bu torpaqları tərk etməsindən və azərbaycanlı məcburi köçkünlərin evlərinə qaytarılmasından sonra bölgədə davamlı sülhün bərpa ediləcəyini bildirib. Qeyd edib ki, bəzi təsəvvürlərin əksinə olaraq, münaqişənin dini əsası yoxdur, Azərbaycan əsrlərlə müxtəlif etiqad və millətlərdən olan insanların birgə, sülh şəraitində yaşadığı yer olub və Ermənistan işğal olunmuş Azərbaycan ərazilərini boşaltdıqdan və azərbaycanlı mülki əhalinin öz evlərinə ləyaqətli bir şəkildə qayıdışını təmin etdikdən sonra ölkəmizdə yaşayan 40-a yaxın müxtəlif millətlərdən olan insanlar kimi erməni əhalisi də burada azərbaycanlılarla birgə dinc yaşaya biləcək.

Sonda Kolumbiya ilə ikitərəfli əlaqələrin cari durumuna toxunan səfir, 2014-cü ildə qarşılıqlı olaraq diplomatik nümayəndəliklərin təsis edilməsindən sonra ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli siyasi, parlamentlərarası, təhsil, mədəniyyət sahələrində faydalı əməkdaşlıq həyata keçirildiyini, eləcə də kənd təsərrüfatı, enerji, turizm və sərmayə yatırımı sahələrində də müəyyən layihələr üzərində çalışıldığını qeyd edib.