Mikayıl Cabbarov: “Ermənistan bölgədə iqtisadi əməkdaşlığın genişlənməsinə maneə yaradır” – FOTO

0
323

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Müdirlər Şurasının videokonfrans formatında 29-cu illik toplantısı keçirilib.

İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, tədbirdə çıxış edən AYİB-də Azərbaycandan müdir, İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkənin bankla əlaqələrinin inkişafına önəm verdiyini, AYİB-in hər zaman ölkəmiz üçün etibarlı və önəmli tərəfdaş olduğunu vurğulayıb.

2019-cu ilin noyabr ayında Azərbaycan AYİB-in donor ölkələr icmasına qoşulmaqla bankla tərəfdaşlığını daha da möhkəmləndirib.

İqtisadiyyat naziri pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirini azaltmaq məqsədilə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi dəstək tədbirləri barədə məlumat verib, post-pandemiya dövründə rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı və emal sənayesi, tikinti, mədən sənayesi, neft-kimya, nəqliyyat-logistika, ticarət, turizm, İKT və sair sahələrin inkişafının əsas prioritetlər kimi müəyyənləşdirildiyini diqqətə çatdırıb.

Məlumatda bildirilib ki, Azərbaycan yeni çağırışları adekvat qarşılamaq üçün kifayət qədər resurslara malikdir, eyni zamanda beynəlxalq maliyyə institutlarının, o cümlədən AYİB-in təklif etdiyi dəstək tədbirlərini də dəyərləndirir. Bu baxımdan, AYİB-in “Həmrəylik Paketi” xüsusilə qeyd edilib.

Plenar sessiyada özəl sektorun, xüsusilə kiçik və orta biznesin inkişafı, özəlləşdirmə, dövlət müəssisələrinin rəqabət qabiliyyətinin və şəffaflığının yüksəldilməsi, dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi və rəqəmsal iqtisadiyyatın inkişafı sahələrində Azərbaycanla AYİB-in əməkdaşlıq imkanları diqqətə çatdırılıb.

Mikayıl Cabbarov vurğulayıb ki, Azərbaycanın regional inkişaf təşəbbüslərinə baxmayaraq, Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti bölgədə iqtisadi əməkdaşlığın genişləndirilməsinə, iqtisadi potensialın tam reallaşmasına ciddi maneələr yaradır.

O əlavə edib ki, işğalçı ölkənin əsas hədəfi isə mülki əhali və obyektlərdir:

“Ölkəmizin vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə beynəlxalq humanitar hüquq çərçivəsində apardığı əks-hücum əməliyyatı Azərbaycanın öz ərazisində həyata keçirilir. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrini işğalı regional sülh və təhlükəsizlik üçün real təhdiddir.

Dünya ictimaiyyəti beynəlxalq hüquq və normalara əsaslanan prinsipial mövqe nümayiş etdirməli, Ermənistanın Azərbaycana qarşı təxribatlarını qətiyyətlə pisləməli, təcavüzkar ölkəni humanitar hüquq çərçivəsində götürdüyü öhdəliklərə, beynəlxalq hüquqa riayət etməyə məcbur etməlidir”.

Toplantıda AYİB-in strateji istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb, 2021-2025-ci illər üzrə Strateji və Kapital Çərçivəsi təsdiq edilib, Bankın Müdirlər Şurasının növbəti il üzrə institusional tərkibi müəyyənləşdirilib.