Azərbaycan-İran sərhədində atışma: Ölən var – FOTO/VİDEO

0
448

2020-ci ilin 17 sentyabr tarixində külli miq­darda narkotik vasitənin qa­çaq­­malçılıq yolu ilə ölkə ərazisinə keçirilmə­sinin qarşısı alınıb.

Bununla bağlı Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­larının “Horadiz” sərhəd dəs­tə­sinin Beyləqan rayonunun 2-ci Şahsevən kəndi ya­xınlığındakı sərhəd zas­tavasının xidməti ərazi­sində iki naməlum şəxsin İran İslam Respub­likasından Azərbay­can Respublikası isti­qa­mətində dövlət sər­hədini pozması sərhəd naryadı tərəfin­dən aşkar olunub. Sər­həd po­zucularının əllərində silah və yüklərin olması mü­şahidə edilib.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xə­bər­­darlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, sər­həd naryadına qarşı silah tətbiq etməklə geri qaçmağa cəhd ediblər.

Sərhəd naryadı tərəfindən “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunub, sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə ye­rində ölüb. Digər sərhəd pozucusu ərazinin mürəkkəb relyefli olma­sından istifadə edərək geri qaçıb.

Dövlət sərhədinin pozulması cəhdinin qarşısının alındığı əraziyə baxış zamanı bir ədəd tüfəng, iki ədəd çantada təxmini çəkisi 15 kiloqram olan narkotikə bənzər maddə aşkar edilib.

Sərhəd pozu­cuları ilə görüşərək onlardan yükü təhvil almağa gəlmiş və sər­həd zas­ta­va­sı­nın mühəndis-texniki çəpərindəki məftilləri qıraraq sərhəd­boyu zolağa daxil olmuş Azərbaycan Respublikasının vətəndaşı, Beyləqan rayon sakini 1975-ci il təvəllüdlü Məmmədov Adiş Cavad oğlu saxlanılıb, üzərində sərhəd pozu­cu­larına vermək üçün gətirdiyi 10 ədəd şüşə qabda alkoqol içkiləri aşkar olunub.

Hadisə barədə İran sərhəd nümayəndəliyi məlumatlandırılıb.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sər­həd dəstəsinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.