Flora Xəlilzadənin ad günüdür

0
1148

 

Onun yazılarını hamı oxuyur. Çünki nədən, kimdən yazmasına baxmayaraq hər zaman həqiqəti yazır, qəlbindən keçəni yazır, bəlkə də elə bu səbəbdən oxucu rəğbəti qazanır. Xalq şairi Məmməd Arazın poeziya bulağından su içən, professor Qulu Xəlilovdan dərs alan Flora Xəlilzadə başqa cür yaza bilməz.

Müsahibələrindən birində “Mənim ruhumda böyük Məmməd Araz var. Məmməd Arazın anası Cahan xanım mənim bibimdir. Təhsil ala bilməsə də, sinədəftər xanım idi. Bizim nəsildə hər kəsin bir şeir dəftəri var. Amma Məmməd Araz nəslimizin Xan Çinarıdır”, – söyləyən Əməkdar jurnalist Flora Xəlilzadə Azərbaycan publisistikasında öz sözünü demiş qələm sahiblərindəndir.

İyirmi kitaba sığmayan məqalələr

Flora Xəlilzadə 1953-cü il avqustun 23-də Zəngəzur mahalının Sisian (Qarakilsə) rayonunun Urud kəndində dünyaya göz açıb. Vağədi kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indi Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinə qəbul olub. 1977-ci ildə ali təhsilini başa vuraraq “Azərbaycan təbiəti” jurnalında, “Azərbaycan müəllimi” və “Azərbaycan” qəzetlərində fəaliyyət göstərib, “Azərbaycan” qəzetinin mədəniyyət şöbəsinin müdiri vəzifəsinə irəli çəkilib. Bir müddət “Azərbaycan qadını” jurnalının redaktoru olub. Hazırda İctimai Televiziya və Radio Yayımları Şirkətinin “Yadigarlar” verilişinin yaradıcısı, layihə rəhbəri, oğlu Bəhruz Niftəliyevlə birgə aparıcısıdır.

Deyilənə görə, uşaq vaxtı anasının iradlarına baxmayaraq hündür ağaclara dırmanar, özünü yüksəkliklərdə görmək istəyərmiş. Elə ölkə mətbuatında da addım-addım irəliləyib, pillə-pillə yüksəlib, yuxusuz gecələri bahasına ad-san qazanıb Flora Xəlilzadə. İlk qələm təcrübəsindən sevilməyə başlayan Flora xanım nə öyrənməkdən usanıb, nə də yazıb-yaratmaqdan. O, gördüyü işin qarşılığında heç vaxt kimdənsə nə isə ummayıb. Yazmağı, özü də yaxşı yazmağı özünə bir jurnalist olaraq borc bilib. Bunu həm də dərs aldığı, dünyalar qədər sevdiyi unudulmaz müəllimləri qarşısında bir imtahan bilib. Sevənləri də olub, gözü götürməyənləri də. Hər bir yazısında öz dəstxətini göstərməyi bacarıb. Heç kimin demədiyini qələmə almağı, naqisliklərə irad tutmağı, qətiyyətini, dözümünü, iradəsini, mübarizə əzmini oxucularla bölüşməyi bacarıb. Qədirbilən oxucular onun sadiq dostları olub. Bəlkə də elə onların həvəsinə yazıb-yaradıb. Sayı-hesabı bilinməyən məqalələrini toplayıb, nə az, nə çox – 20 kitab ərsəyə gətirib. Bu kitablarda bir peşəkar qələm adamının hadisələrə həssas münasibəti, ağrısı-acısı hiss olunmaqdadır. Bu yazılarda bir vətənpərvərin yurd sevgisi, bir vətəndaşın qəlb ağrısı duyulur.

Onun publisistik məqalələri obrazlılığı, üslubu, təqdimatı, axıcılığı ilə oxucunu cəlb edir. Qələmə aldığı mövzuların poetik sərlövhələri həm də müəllifin həyata şairanə baxışından xəbər verir. Bu yazılarda, özü demişkən, “Söz uğrunda döyüşənlər” əks olunub. Xalq şairi Nigar Rəfibəyli haqqında yazdığı “Çəməndə çiçəklər, meşədə quşlar – poeziyamızda Nigarın şeirləri”, böyük yazıçımız Mir Cəlala həsr etdiyi “Sənətin şöhrət zirvəsi”, şair Qasım Qasımzadəyə həsr etdiyi “Zamanın ümmanında itən damlalar”, Xalq yazıçısı Əzizə Cəfərzadə haqqında “Xəyalımızda yanan işıq əbədi ayrılığın qüssəsi”, Xalq yazıçısı İlyas Əfəndiyevə yazdığı “Ədəbiyyatın solmayan çiçəkləri” və digər məqalələri oxucunun xəyal aləmini, həyata və dünyaya baxışını zənginləşdirir, insan həyatı daha dərindən dərk edir. Bu yazılar, müasirlərinin söylədiyi kimi, “zamansız yazılardır”.

Elmi, ədəbi-publisistik, tənqidi məqalələri ilə diqqət mərkəzində olan Flora Xəlilzadə haqqında müasirləri dəyərli fikirlər söyləyiblər. Görkəmli tənqidçi, ədəbiyyatşünas alim Vaqif Yusifli yazıb: “Flora Xəlilzadə professional yazardır. Belə yazarların sayı mətbuata sığınıb at oynadan, amma o atın üstündə duruş gətirməyənlərin sayından qat-qat azdır. Flora xanım o azlardan biridir və öz yazıları ilə o çoxları utandırır. Yəni biz bilirik ki, yazı necə olmalıdır – ən yaxşı yazılar ən yaxşı insanlara oxşayır, təmiz, saf, mənən qürurlu, heç bir maddiyyat əsiri olmayıb, öz daxili azadlığını hifz edən insanlar kimi. Professional səviyyə təkcə savadla, biliklə, dünyagörüşü ilə ölçülmür, həm də daxili mədəniyyətlə ölçülür. Bu daxili mədəniyyət tələb edir ki, nə yazırsan, kimdən yazırsan, hansı mövzuya, hansı problemə müraciət edirsən, təki yalana, jurnalist “oyunbazlığına” meyil eləmə. Həyatın nəfəsini öz nəfəsinə qatıb yazıya ver”.

Yadıma gül nənəm, nər babam düşdü…

Qırx ildən çoxdur peşəkar jurnalist kimi mətbuatda çalışan Flora Xəlilzadənin “Bənövşə ətirli səs”, “Analar”, “Bu mənim tale yolum”, “Taleyimdən keçən adamlar”, “Məmməd Araza məktub”, “İgidliyin son zirvəsi”, “Ruhumuzun ünvanı Şuşa” və digər publisistik kitabları ilə yanaşı, ədəbi yaradıcılığının məhsulu olan “Ruhumun ehtiyacı”, “Ürəyim aldatdı məni”, “Yuxular” adlı şeir kitabları da çap olunub.

Onun şeirlərində peşəkarlıqla yanaşı, incə lirizm, həzin kədər, yurd nisgili, torpaq həsrəti oxucunu düşünməyə sövq edir:

Ulu Tanrım, üz tutmuşam adına,

Ürəyimi yaralayan zülüm var.

Mən yurdsuzu salarsanmı yadına,

Xəyalımda dağılmış bir elim var?..

Təsadüfi deyil ki, Flora Xəlilzadə şeirlərində bəzən doğma Uruduna pərvazlanır, elinin, obasının, ocaq yerinin, anasının bişirdiyi çörəyin, ata yurdunun ətrini alır.

Qaya kimi sərt görünən, amma bənövşə kimi kövrək ürəyə malik Flora xanım məharətli qələm sahibi kimi öz sənətinin bütün sirlərinə bələddir, sözü deməyin, fikrini cilalamağın yolunu bilir, xəyalları, arzuları, həssas duyğuları ilə ürəklərə körpü salır:

Yenə bahar gəldi, qaynadı qanım,

Könlümə öz evim, öz obam düşdü.

Ölümü, dirimi gərəkdi anım,

Yadıma gül nənəm, nər babam düşdü…

Ürəyimsiz kəlmə yazan deyiləm…

Hər zaman dili saf, sözü kəsərli həmkarımın əsl elm, sənət və ədəbiyyat adamları haqqında ürəklə yazdığı yazılardan zövq almışam. O da həmişə M.Arazın “Ürəyimsiz kəlmə yazan deyiləm, Nə qədər ki, öz əlimdi yazanım…”, – fikrinə söykənib. Bu, həyatın, sənət fədailərinin ömrünün davamı deməkdir. Təmənnasız insanlığa və mədəniyyətə xidmət deməkdir.

Flora xanım özü hazırladığı, 7 cildlik nəzərdə tutulan “Yazdıqlarım” adlı külliyyatının I cildinin müqəddiməsində bu sevginin səbəbini daha gözəl izah edir: “Sözün dərgahında, sözün hüzurunda həmişə başı uca dayanmaq üçün ürəyimin diktəsindən uzağa getməməyə çalışdım. Bu çarpışmaların, ziddiyyət dolu həyatın içində istəyimə nə dərəcədə nail oldum deyə bilmərəm. Tanrı bilir ki, söz mənim üçün dünyanın bütün var-dövlətindən yuxarıda dayanır. Söz mənim üçün diri bir xilqətdir, müqəddəs varlıqdır. Baxır bu xilqəti, varlığı necə duyursan, onu oxucuya, ya da səni eşidənə necə çatdıra bilirsən? Sözün məlhəmi də əvəzsizdir, yarası da dərindir…

Təsəllim budur ki, Sözün gətirdiyi rəğbətdən, məhəbbətdən mənən bəhrələndim, tanındım, sevildim, oxucu diqqəti qazandım, məhz Sözün sayəsində dünyanı dolaşdım!”

Bu gün öz işini uğurla davam etdirir Flora Xəlilzadə. Yeni yaradıcılıq axtarışları və tükənməz sevgi ilə xalqın dəyərli ziyalılarını, ədiblərini geniş kütləyə tanıdır, ömürlərə işıq salır, unudulanları xatırlayır. Ən maraqlısı da odur ki, Flora Xəlilzadə bu gün təkcə özü mətbuatda külüng vurmur, həm də övladları Elnur və Bəhruz onun yolunu sevə-sevə davam etdirirlər.

Flora Xəlilzadənin çəkdiyi zəhmət hər zaman yüksək qiymətləndirilib. O, Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü kimi bir çox mükafatlara layiq görülüb. Onun aldığı mükafatları sadalasaq uzun bir siyahı alınar. Hər zaman yaradıcı adamlara diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin sərəncamları ilə aldığı “Tərəqqi” medalını, “Əməkdar jurnalist”’, Prezident təqaüdçüsü fəxri adlarını isə həyatının ən böyük uğurları hesab edir.

Oxucuların gözündə publisist kimi məşhurlaşan, bəzən yazdığı şeirləri üzə çıxarmaq istəməyən, “məni publisist kimi tanıyın” deyən sevimli həmkarımıza cansağlığı, uzun ömür arzulayırıq! Müasir mətbuatımız onunla daha oxunaqlı, daha cəlbedicidir.

İctimai Nəzarət Koalisiyasının sədri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin 1-ci vitse prezidenti, Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri, ictimai xadim Rasim Məmmədovun İNK-nın fəxri üzvü olan Flora Xəlilzadə barədə söylədikləri ümumxalq məhəbbətini əks etdirməsi ilə daim yaddaşlarda qalacaq: “Flora xanıma olan hörmət, məhəbbət hisslərimi ifadə edə bilmək üçün söz ehtiyatının azlığına təəssüf edirəm. İnsanlıq, yaradıcılıq, vətənpərvərlik simvollarının bütün gözəl, mükəmməl cəhətlərini özündə birləşdirib yaşadan bu gözəl xanım Məmməd Arazın yadigarı, Söhrab Tahirin yaradıcılıq bulağından su içən, Əzizə Cəfərzadənin mənəvi qızı kimi mərhum ulu öndərimizin könlünü açmış gözəl tarixi söyləntiləri ilə minlərlə insanın qəlbində mərhəmət, məhəbbət, fədakarlıq dolu yaradıcı insan taxt tacını qurmuşdur.”