Naxçıvanda yeni yaradılan çimərlik futbolu meydançasında ilk yoldaşlıq görüşü keçirilib

0
642

Naxçıvan şəhərinin yaxınlığında yerləşən Uzunoba İstirahət Mərkəzində yaradılan yeni çimərlik futbolu meydançasında ilk yoldaşlıq görüşü keçirilib.Yoldaşlıq görüşü milli mətbuatımızın 145 illik yubileyi münasibətilə Naxçıvan Futbol Federasiyası (NFF) və Naxçıvan Dövlət Televiziyasının (NTV) əməkdaşları arasında baş tutub.
Matçdan öncə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədr müavini Xaliq Babayev, Gənclər və İdman Nazirliyinin aparat rəhbəri Tahir Məmmədli və NFF-nin sədr müavini Sakit Rzayev çıxış edərək muxtar respublikada mətbuata, o cümlədən idmanın inkişafına göstərilən diqqət və qayğıdan bəhs ediblər.
Qeyd edilib ki, yeni istifadəyə verilən çimərlik futbolu meydançası Uzunoba İstirahət Mərkəzinə əlavə gözəllik qatıb. Meydança gənclərin asudə vaxtlarının səmərəli keçirmələrinə imkan verəcək.
Çıxışların ardından matça start verilib. Hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalan oyunda üstün komanda NFF olub. Federasiya təmsilçiləri 5:4 hesablı nəticə əldə ediblər.