Prezident köməkçisi erməni təxribatı ilə bağlı sualları cavablandırdı

0
549

Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev lenta.ru-ya müsahibə verib.

Müsahibəni təqdim edirik:

Maraqlıdır ki, bu dəfə atışma həmişəki kimi Dağlıq Qarabağda deyil, Tovuz rayonunda baş verib. Sizcə, niyə məhz orada?

İlk növbədə, real faktlara baxmaq lazımdır. Reallıq budur ki, Ermənistan silahlı qüvvələri təxribat törədərək Azərbaycanın Tovuz rayonu istiqamətində kobud şəkildə atəşkəs rejimini pozdu. İlk hücuma artilleriyasından istifadə edən Ermənistan hərbçiləri başladı, ancaq cavab atəşi və əks-hücumla onların qarşısı alındı. Atəşkəsin pozulması bu hadisələrə görə bütün məsuliyyətin erməni tərəfində olduğunu əyani şəkildə göstərir.

Bəs nə üçün Yerevan buna ehtiyac duydu?

Ermənistan bu cür hərbi sərgüzəştlər yolu ilə üzvü olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə və Azərbaycana qarşı işğal və təcavüzə görə məsuliyyətdən yayınmağa çalışır. Axı Yerevanın hərəkətləri üzvü olduğu beynəlxalq təşkilatların hüquqi sənədlərinə ziddir.

Bundan başqa, mənə elə gəlir ki, Ermənistan uzun müddətdir davam edən hərbi münaqişəni özünün sosial-iqtisadi problemlərinin kəskinləşməsi fonunda gərginləşdirməyə çalışır. Bura Ermənistan rəhbərliyinin dağıdıcı siyasətindən qaynaqlanan Covid-19 pandemiyasının geniş yayılması da daxildir. Sərhəddə gərginlik yaratmaq daxili problemlərdən diqqəti yayındırır.

Bizim ölkəmiz isə sərhəddə gərginliyin yaranmasının əleyhinədir. Təxribatın qarşısını almaq üçün sərhəd xidmətimiz və silahlı qüvvələrimiz gücləndirilib.

Bakıda hadisələrin bu cür inkişafına hazır idilər?

Bilirsiniz, daha bir faktı əlavə etmək istəyirəm: bazar günü – 12 iyulda biz Tovuzla sərhəddə Ermənistan tərəfindən ağır hərbi texnikanın və canlı qüvvənin toplanıldığını gördük. Biz bunu hücumun artilleriyadan istifadə etməklə əvvəlcədən hazırlandığının sübutu kimi qəbul edirik.

Ancaq nəticədə Ermənistan tərəfi heç nə ələ keçirə bilmədi. Bakı hər zaman təxribatların qarşısını almağa və Ermənistan-Azərbaycan sərhədində gərginliyin yaranmasına səbəb ola biləcək bu kimi hadisələri aradan qaldırmağa hazırdır. Qazax və Tovuz rayonları boyunca sərhədin xeyli hissəsində Azərbaycanın dövlət sərhəd xidmətinin bölmələri yerləşdirilib. Ermənistan iki ölkə arasındakı dövlət sərhədini sistematik şəkildə hərbiləşdirməyə və dinc sakinlərə qəsdən atəş açmağa davam edir.

Bu vəziyyət daha ciddi silahlı münaqişəyə səbəb ola bilər?

Azərbaycan və Ermənistan arasında ciddi münaqişə Ermənistanın Dağlıq Qarabağı və 7 rayonu işğal etməsindən sonra artıq 30 ildir ki, davam edir. Bizim silahlı qüvvələrimiz  hələ də orada üz-üzə dayanır. Bu, 100 min hərbçinin üz-üzə dayandığı Birinci və İkinci Dünya müharibələrinin ssenarisini xatırladır.

Bu da hər an toqquşmanın gözlənildiyini göstərir. Yenidən təxribatlar gözləmək lazımdırmı – bunu Ermənistan tərəfdən soruşmaq lazımdır. Azərbaycanın torpaqlarını zəbt edənlər onlardır.

Türkiyə artıq Azərbaycana dəstəyini bildirdi. Münaqişə baş verərsə, bütün bölgəni əhatə etmək ehtimalı nə qədərdir?

Mən bunu real ssenari hesab etmirəm. Bu gün İranın, Rusiyanın və Türkiyənin XİN rəhbərləri öz narahatlıqlarını bildirdilər. Biz bu dövlətlərə Ermənistanın məsuliyyətsiz siyasətinə biganə yanaşmadıqlarına görə təşəkkürümüzü bildiririk. Qonşularımız başa düşür ki, dünyadakı vəziyyət onsuz da qeyri-sabitdir, müharibənin alovlanması isə qonşularımıza da təsir edəcək. Ermənistan düşüncəsiz hərəkətlər edir və onun nəticələri barədə fikirləşmir. Azərbaycan hər zaman bu problemi sülh yolu ilə həll etməyə hazırdır və həmişə buna təşəbbüs göstəririk. Biz hər zaman ATƏT nümayəndələri ilə məsələləri müzakirə edirik və digər ölkələrin diqqətini yayındırmaq istəmirik. Ancaq Ermənistan digər ölkələri öz təxribatına cəlb etməyə çox maraqlıdır.

Rusiya münaqişənin qarşısını almağa kömək edən tərəf kimi çıxış edə bilərmi?

Əlbəttə, bu məsələnin tənzimlənməsində Rusiyanın rolu böyükdür. Biz bunu dəyərləndiririk, Rusiya Federasiyasının rəhbərliyi və şəxsən Vladimir Putin lazımi addımları atdı. Ancaq təəssüf ki, Ermənistanın işğalçı və təxribatçı addımları məsələni sülh yolu ilə həll etməyə imkan vermir. Biz Ermənistanın məsuliyyətə cəlb edilməsi üçün bütün beynəlxalq ictimaiyyətə müraciət edirik.

Ermənistan məsələnin sülh yolu ilə həllində maraqlı olmadığını sübut edir. Ermənistanın bu təcavüzkar siyasəti bir sıra digər ölkələri də təhdid edir.