İş vədi ilə Mavritaniyaya gedən və pandemiyaya görə orda qalmış azərbaycanlı dənizçilər xilas edildilər – FOTO

0
426

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Mavritaniya İslam Respublikasında çətinliklərlə qarşılaşan Azərbaycan vətəndaşlarından ibarət dörd dənizçiyə dəstək olub.

ASCO-dan verilən məlumata görə, həmvətənlərimizin Mavritaniyada yaşayışı ilə bağlı yığılmış hotel xərcləri və ölkəyə qayıdışları üçün tələb olunan müvafiq məbləğdə pul vəsaiti həmin vətəndaşlardan birinin hesabına köçürülüb.

Koronavirus pandemiyası ilə əlaqədar Mavritaniyada qalan vətəndaşlarımızla ASCO əməkdaşları, o cümlədən Azərbaycan Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Dəniz Agentliyinin nümayəndələri mütəmadi əlaqə saxlayaraq onların problemlərinin aradan qaldırılması üçün müvafiq tədbirlər görüb.

İyunun 21-də həmin dənizçilər çarter reysi ilə Türkiyəyə gətirilib.  İstanbul hava limanında onları ASCO-nun Türkiyə nümayəndəliyinin əməkdaşları qarşılayıb və hotelə yerləşdiriblər. Dənizçilərin yaxın günlərdə çarter reysi ilə Azərbaycana qayıdacaqları gözlənilir.

Dənizçilər problemlərinin həlli istiqamətində göstərdikləri köməkliyə görə Azərbaycan hökumətinə təşəkkürlərini bildiriblər.

Xatırladaq ki, azərbaycanlı dörd dənizçi – kapitan Rövşən Abdullayev, baş mexanik Mikayıl Mikayılov, kapitan köməkçiləri Arif Əsgərov və Fərəc Əliyev iş vədi ilə Türkiyəyə, oradan da Mavritaniyaya aparılıb. Lakin verilən vədlər boş çıxmış, koronavirus pandemiyası ilə əlaqədar sərhədlər bağlandıqdan sonra isə maddi problemlərlə üzləşmişdilər.