Bölgələrdə və Bakıda yenidən karantin rejimi sərtləşdirilir? – AÇIQLAMA

0
356

Xəbər verdiyimiz kimi mayın 25-də 149 nəfər koronavirusa yoluxub. Bundan əlavə Şamaxı Rayon İcra Hakimiyyəti əməkdaşları COVID-19 infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində profilaktik qaydada testdən keçirilib.

Testin nəticəsinə əsasən, analiz 1 nəfərdə müsbət çıxıb və virus aşkarlanan şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib.

Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı rayon İcra Hakimiyyətinin başçısı və İcra Hakimiyyətinin əməkdaşları hazırda özünü izolyasiya qaydalarına uyğun olaraq karantindədir. Kürdəmir rayonunda isə 60-dan çox insan koronavirusa yoluxub.

Azərbaycanda bölgələrdə və Bakıda yenidən karantin rejimi sərtləşdirilə bilərmi?

Bununla bağlı danışan deputat İqbal Məmmədov bildirib ki, bununla bağlı qərarları Nazirlər Kabineti yanında Operativ Qərargah verir:

“Operativ Qərargah koronavirusla bağlı dünyada və ölkədə mövcud son vəziyyəti analiz edir, yoluxma dinamikasına uyğun qərarlar verirlər.

Bilirsiniz ki, cənab prezident və dövlətimiz tərəfindən zamanında atılan addımlar sayəsində koronavirusun Azərbaycanda geniş yayılmasının qarışısı alındı.

Hətta yoluxanların sayında kifayət qədər azalma var idi. Amma son həftələrin statistikası ürəkaçan deyil. Karantin rejimində edilən yumşalmalardan sonra insanlarımız artıq koronavirus yoxmuş kimi davranmağa başladı.

Təəssüf ki, hətta bu xəstəliyin varlığına inanmayanlar da az deyil. Mağazalarda, marketlərdə və ictimai nəqliyyatda sosial məsafə qorunmur, qoruyucu tibbi maska və əlcəklərdən istifadə etmirlər.

Ən önəmlisi isə ehtiyac oldu-olmadı insanlarımız çölə çıxırlar. Nəticədə nəinki Bakıda, hətta bölgələrdə də koronavirusa yoluxanların sayı artdı.

Vətəndaşlarımıza bu məsələdə məsuliyyətli olmağı məsləhət görürəm. Çünki insanlarımızın bu xəstəliyə biganəliyi özləri ilə yanaşı yaxınlarını və bütün Azərbaycan vətəndaşlarının sağlamlığını təhdid altında qoyur.

Düşünürəm ki, əgər yoluxma çoxalma dinamikası ilə davam edərsə, bölgələrdə və Bakıda karantin rejimi yenidən sərtləşdirilə bilər. Əlbəttə, bunu heç birimiz arzulamır, tezliklə normal həyatımıza qayıtmaq istəyirik.

Bunun üçün də Operativ Qərargahın tövsiyələrinə əməl etməli, qoruyucu tibbi maskalardan, əlcəklərdən istifadə etməli, sanitar-gigiyenik qaydalara əməl etməliyik. Düşünürəm ki, bu virusa dövlət-vətəndaş birliyi ilə qalib gələ bilərik”.