Amerikalı musiqiçi Tony Memmel Bakıda

0
767

İncəsənət əngəl tanımır və onun istənilən növü ilə məşğul olmaq istəyən fiziki məhdudiyyətli şəxsin yaradıcılığını məhdudlaşdırmaq mümkün deyil. Bu deviz altında ABŞ-ın Azərbaycandakı səfirliyinin sponsorluğu  Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə Bakıda konsert təşkil olunub. Tədbirdə çıxış edən fiziki məhdudiyyətli musiqiçilərin ifası maraqla qarşılanıb.
Gecə amerikalı musiqiçi Toni Memmelin çıxışı ilə davam edib. Müğənni-bəstəkar anadangəlmə fiziki məhdudiyyətli olmasına baxmayaraq xüsusi alət  düzəldərək gitarada ifa etməyi təkbaşına öyrənib. özünü musiqi elçisi adlandıran Toni Memmelin Bakı konserti Azərbaycana ilk səfəri çərçivəsində baş tutub. Pop, rok və kantri stilində müxtəlif musiqi növlərini ifa edən müğənni proqramı ilə fiziki məhdudiyyətli insanların potensialının məhdudiyyətsiz olduğunu göstərir.
Onu dinləməyə gələnlərin sırasında da fiziki məhdudiyyətli musiqisevərlər üstünlük təşkil edib.
13 yaşında gitarada ifa etməyə başlayan Toni Memmel 20 ildir ki, bu sənətlə məşğuldur. İndiyədək onun həyata keçirdiyi qastrollar ABŞın 45 ştatı və 10 xarici ölkəni əhatə edir. Memmel bu günə qədər 4 böyük və 2 kiçik həcmli albom ərsəyə gətirib . Musiqi yolu ilə mədəni əlaqələr qurmaq üçün məktəb, xəstəxana və uşaq evlərində bir çox konsertlər verib. O həmçinin musiqi sahəsində bakalavr dərəcəsini qazanaraq klassik vokal üzrə ixtisaslaşıb.