Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərar dəyişdirilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Azərbaycanda dövlət büdcəsindən maliyyələşən idarə, müəssisələrdə, təşkilatlarda xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri üçün aylıq yürüş həddi müəyyənləşib.
Xidməti minik avtomobilləri üçün aylıq yürüş həddi 2000, yük avtomobilləri və avtobuslar üçün 1500, Xüsusi təyinatlı avtonəqliyyat vasitələri (təcili tibbi yardım və yanğınsöndürən avtomobillərdən başqa) 1500, motosiklet və motorollerlər üçün 500, qonaqlara xidmət edən minik avtomobilləri üçün 1000 kilometr yürüş həddi müəyyən edilib.
Hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq-mühafizə və prokurorluq orqanlarında xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri isə bu siyahıda nəzərdə tutulan hallara aid edilmir.
Sənədin əvvəlki variantında yazılır ki, işin xüsusiyyətləri nəzərə alınmaqla, yürüşün aylıq norması Azərbaycanın I-VI kateqoriyalı dövlət orqanlarının rəhbərlərinə və icra başçılarına xidmət edən nəqliyyat vasitələri üçün 40 faiz, onların birinci müavinlərinə və müavinlərinə xidmət edən nəqliyyat vasitələri üçün 20 faiz artırılır.
Baş nazirin yeni qərarı ilə yürüşün aylıq norması Azərbaycanın ali-üçüncü kateqoriyalı dövlət orqanlarının rəhbərlərinə və icra başçılarına xidmət edən nəqliyyat vasitələri üçün 40 faiz, onların birinci müavinlərinə və müavinlərinə xidmət edən nəqliyyat vasitələri üçün 20 faiz artırılacaq.
Qərarla fasiləsiz iş şəraitində işləyən müəssisələrin avtomobilləri, habelə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində göstərilən xidmətləri səyyar formada təşkilində istifadə edilən xüsusi təyinatlı avtonəqliyyat vasitələri və avtobuslar üzrə yürüşün aylıq norması avtomobillərin qət etdiyi məsafəyə uyğun müəyyən ediləcək.
Qərarla, həmçinin, iki nömrəli əlavəyə 71-ci hissə artırılıb. Həmin hissəyə görə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə də xidməti minik avtomobilləri veriləcək. Bu quruma cəmi üç, aparat üzrə əlavə üç avtomobil veriləcəyi nəzərdə tutulur.