Azərbaycanın 2 universiteti dünya reytinqində

0
470

Böyük Britaniyanın “The Times Higher Education” nəşri  dünyanın ən nüfuzlu universitetlərinin növbəti reytinq cədvəlini  (Impact Rankings -2020) tərtib edib.  Impact Rankings Birləşmiş MillətlərTəşkilatının Davamlı İnkişaf Məqsədlərinə uyğun olaraq universitetlərin qiymətləndirildiyi yeganə qlobal effektivlik cədvəlidir. Tədqiqat universitetlərin üç geniş sahədə – tədqiqat, informasiya-təbliğat  və idarəetmə üzrə  hərtərəfli və balanslı müqayisəsini təmin etmək üçün  diqqətlə seçilmiş kriteriyalardan istifadə edir.
THE-nin sayca ikinci nəşrinə dünyanın 85 ölkəsindən  766  universitet daxildir.  Siyahıya  ikinci ildir ki, Yeni Zelandiyanın Auckland Universiteti rəhbərlik edir. Sonrakı üç yerdə isə Avstraliya universitetləri yer alıblar: Sidney Universiteti, Qərbi Sidney Universiteti və La Trobe Universiteti. Yaponiya reytinqdə ən çox – 63, Rusiya 47,  Türkiyə isə  37 ali məktəblə təmsil olunur.
Dünya reytinqinə Azərbaycanın 2 ali təhsil müəssisəsi daxildir.  Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)  və Xəzər Universiteti   601+ aralığında  qərarlaşıblar.
Qeyd edək ki, reytinq Birləşmiş Millətlər Təşkilatının 2030-cu ilə qədərki dövr üçün formalaşdırdığı Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi prosesinə ali məktəblərin təsirinin qiymətləndirilməsinə həsr olunub. Reytinqdə universitetlərin BMT-nin 17 məqsədinin həyata keçirilməsinə verdiyi töhfə dəyərləndirilir.