15 milyonluq dələduzluq: Tibbi maska satan möhtəkirlər ələ keçdi

0
546

İnterpol tərəfindən tibbi maska satışı adı ilə 15 milyon avroluq dələduzluq edən şəxslər saxlanılıb.

İnterpolun saytının məlumatına görə, mart ayının ortalarında bir sıra ölkələrdə koronavirusun yayılması ilə əlaqədar karantin başlandıqda alman səhiyyə orqanları qoruyucu maskalar almaq üçün Sürix və Hamburqdakı iki satış şirkəti ilə 15 milyon avro dəyərində müqavilə bağlayıblar.

Şirkətlə güclü ticarət əlaqəsi olduğunu deyən şəxs iddia edilən Hollandiya şirkətinin 10 milyon qoruyucu maska verə biləcəyinə dair təminat verib. 1,5 milyon maskanın ilkin tədarükü ilə bağlı ilkin ödəmə üçün 1,5 milyon avro dəyərində müqavilə bağlanıb.

Alıcılar İrlandiyadakı banka pul köçürməsini başladaraq Hollandiyadakı anbardan Almaniyadakı son təyinat məntəqəsinə maskaların daşınması üçün 52 yük maşını və polis müşayiəti ayırıblar.

Lakin çatdırılma tarixindən bir qədər əvvəl alıcılara vəsaitin alınmadığı və malın satış təhlükəsizliyinin təmin olunması üçün Hollandiyadakı təchizatçıya 880000 avro təcili köçürülmənin tələb olunduğu bildirilib.

Alıcılar köçürməni etsələr də, maskalar gəlməyib. Daha sonra həmin adda Holland şirkətinin olduğu ortaya çıxsa da, ancaq onların vebsaytlarına oxşar vebsaytın yaradıldığı məlum olub. Şirkətin rəsmi saytında heç bir sifariş barədə qeyd olmayıb.

Alıcılar aldadıldıqlarını anladıqdan dərhal sonra Almaniyadakı bankla əlaqə saxlayıblar. Bank da öz növbəsində İnterpolun Maliyyə Cinayətləri Bölməsi ilə əlaqə quraraq vəsaitləri geri qaytarmaq və pulun hərəkətini izləmək üçün əməkdaşlığa başlayıb.

Banklar, maliyyə kəşfiyyatı bölmələri və məhkəmə orqanları, habelə partnyor təşkilatlar olan Europol və Eurojust da bu məsələ ilə bağlı İnterpolla əməkdaşlıq ediblər.

Hollandiyanın Maliyyə Məlumatı və İstintaq Xidməti alman şirkətindən köçürülmüş 880000 avronun hərəkətini izləyib. Bu vəsaitin təxminən 500000 avrosunun artıq Birləşmiş Krallığa göndərildiyi və Nigeriyadakı bir hesab üçün ayrıldığı aşkarlanıb.

Europol bank sektorundakı əlaqələrdən istifadə edərək verilən xəbərdarlıq sayəsində İngiltərə bankından tam məbləği geri alıb. Artıq həmin vəsait Hollandiyaya qaytarılıb və hesabda dondurulub.

Faktla bağlı Niderlandda iki şübhəli şəxs saxlanılıb.

Saxlanılanların tibbi avadanlıq sənayesi ilə heç bir əlaqələrinin olmadığı, sadəcə “COVID-19″u bir fürsət görən təcrübəli fırıldaqçılar olduğu məlum olub.