Zirəddin Rzayevdən koronavirus proqnozu: Azərbaycanı nə gözləyir…

0
483

Zirəddin Rzayevdən koronavirus proqnozu: Azərbaycanı nə gözləyir...

Tanınmış ekstrasens Zirəddin Rzayev Axar.az-a eksklüziv müsahibəsində dünyanı cənginə alan koronavirus və bu pandemiyanın Azərbaycanda hansı nəticələrə səbəb olacağı ilə bağlı danışıb.

Publika.az sözügedən müsahibəni təqdim edir:

– Zirəddin bəy, siz bildirmisiniz ki, koronavirusla bağlı hələ 3 il əvvəl mətbuata açıqlama vermisiniz.

– Bəli, bu virusla bağlı 2017-ci ildə rus mətbuatına proqnoz vermişdim və virusun xarakteristikasını tam dəqiqliyi ilə təsvir etmişdim. Payız vaxtlarında dəhşətli virusun dünyanı bürüyəcəyini, insanların kütləvi şəkildə həlak olacağını, maskada gəzəcəklərini təsvir etmişdim. İllər ötdükcə bəzi viruslar onsuz da ortalığa çıxır, lakin bu formada olacağı düşünülmürdü. Mən bunu və onun əhatə dairəsini qabaqcadan bildirmişdim.

– Bəs koronavirus nə zaman zərərsizləşdiriləcək?

– Yayın axırlarında bu virus tam zərərsizləşdiriləcək. Ola bilsin, koronavirus bir-iki həftə sonra bitsin, amma yayın axırlarına ondan bir əlamət qalmayacağını görürəm.

– Növbəti illərdə koronavirusun yenidən peyda olma ehtimalı varmı?

– Hələlik bu barədə bir şey deyə bilmərəm, amma 2-3 il sonra yenə dünyada virus yayılacaq. Lakin onun koronovirus və ya yeni virus olacağı ilə bağlı dəqiq heç nə deyə bilmirəm. Onu da deyim ki, bu virus elə də dəhşətli olmayacaq. Onun hansı regionu əhatə edəcəyi üzərində işləməmişəm deyə, indi sizə məlumat verə bilmərəm.

– Bəs koronavirus Azərbaycanda da geniş yayılacaqmı?

– Azərbaycanla bağlı proqnozum ürəkaçandır. Çindəki, İtaliyadakı kimi ağır vəziyyət yaşanmayacaq. Amma ölkədə virusdan ölüm hallarının olması istisna edilmir.

– Zirəddin bəy, qorxunc heyvanların meydana gəlməsi barədə də fikir səsləndirmisiniz. Bu hadisənin nə vaxta təsadüf edəcəyini deyə bilərsinizmi?

– Məndə bəzən “görmə”lər olur. Həmin vaxtlar mən özüm də gördüklərimə inana bilmirəm. Çox maraqlı psixoloji haldır. Həmin hadisələr baş verəndə özüm də dəhşətə gəlirəm ki, həqiqətənmi bunu əvvəlcədən görmüşəm, hiss etmişəm!

Bir dəfə Qərbdə yerləşən bir yeraltı şəhərdə böyük laboratoriya olduğunu və süni insanlar yetişdirildiyini gördüm. Həmçinin genləri dəyişdirilmiş vəhşi heyvanlar yaradılırdı. Okeanda akula, balina kimi çox nəhəng varlıqların əmələ gəldiyini görürdüm. Onlar mənə dinozavrları xatırladırdı. Mən heyvanlarla bağlı bu hadisənin son 50 illikdə olacağını demişəm. Dediyimin üzərində dururam.

– Neftin qiyməti son 4 ildə ən aşağı həddə düşüb. Bununla bağlı nə deyə bilərsiniz?

– Neftin qiyməti qəfildən qalxacaq. Bu hal yaxın zamanlarda baş verəcək.