Koronavirusdan ən çox bu xəstəliyin daşıyıcıları ölür

0
436

Çinin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CCDC) koronavirusun yeni tipi olan COVID-19 xəstəliyinin bu günə qədər aparılan ən böyük araşdırmanın nəticələrini açıqlayıb.

“CNBC” yekunlar barədə qısa məlumat yayıb.

Mütəxəssislər CCDC bazasından 72.3 min xəstənin qeydlərini araşdırıb.

Məlum olub ki, yoluxmuş insanların böyük əksəriyyəti 30-69 yaş arasında olanlardır. Bu şəxslərin çoxu Uhanla əlaqəli olduqlarını bildirib.

İnfeksiyaya yoluxanların 81 faizinin vəziyyəti yüngül qiymətləndirilib. Yalnız 4.7 faizi kritik vəziyyətdə olub, onların da yarısı ölüb.

CCDC-yə görə, kişilər arasında koronavirus səbəbi ilə ölüm qadınlara nisbətdə daha yüksək olub – 2.8 faizə qarşı 1,7 faiz. Təsdiqlənmiş yoluxma hallarının ümumi sayının 51 faizini (demək olar ki, 23 min) kişi xəstələr təşkil edib.

Tədqiqata görə, yaşlı insanlar və sağlamlıq problemləri olanların infeksiyaya yoluxma riski yüksəkdir. Məlum olub ki, ölüm nisbəti yaşdan asılı olaraq artır – 60 yaşdan 69 yaşa qədər olan xəstələr arasında bu 3,6 faiz, 70 yaşdan 79 yaşa kimi xəstələr arasında – 8 faiz, 80 yaşdan yuxarı olanlar arasında isə 14.8 faiz təşkil edib.

Ürək-damar xəstəlikləri və şəkərli diabet ölüm riskini əhəmiyyətli dərəcədə artırır. Hər hansı bir yoluxucu xəstəlik olmayan xəstələr arasında ölüm nisbəti 0,9 faizə qədər azalıb.

Son məlumatlara görə, Çində koronavirusa yoluxanların sayı 72 mini ötüb. 1,9 min xəstə ölüb. 12 mindən çox insan sağalıb.