100 minlik “Sevgi romanı” təqdim olundu – VİDEO

0
617

Ötən axşam “Nizami” kinoteatrında “Sevgi romanı” filminin qala gecəsi keçirilib.

Melodram janrında çəkilən ekran əsərində Oksana Rəsulova, Şəhriyar Əbilov, Azər Aydəmirov, Zümrüd Bədəlova və digər tanınmış simalar, aktyorlar rol alıb. Filmin ssenari müəllifi Azər Aydəmirovdur.

“Sevgi romanı”nın premyerasına məşhurlar axın ediblər. İzdiham yaşanan qala gecədə filmin qəhrəmanları təəssüratlarını media əhli ilə bölüşüblər. Onlar ekran əsərinin həm maraqla izləniləcəyini, həm də çox müzakirə olunacağını bildiriblər:

Şəhriyar Əbilov :

“İnanıram ki, filmimiz həm müzakirə olunacaq, həm də baxılacaq. Əsas odur ki, cəmiyyətə faydalı mesajlar verək. Sağlam ideyalı kinolar təbliğ olunmalıdır. İnsanları göbəkdən aşağı yox, beyindən yuxarı düşündürək. Bizim də istəyimiz yalnız budur. Mədəniyyətimizi, milli filmlərimizi inkişaf etdirək ki, dünyaya çıxa bilək. Bunun üçün isə medianın dəstəyi çox vacibdir”.

Oksana Rəsulova :

“Filmin müzakirədən çox baxılmasını istəyirəm. Çox istəyirəm ki, tamaşaçılar filmi izləyəndən sonra şərhlərini sosial media hesablarında yazsınlar. Onları oxuyub mütləq cavab verəcəyəm”.

Azər Aydəmirov:

“Oksana Rəsulovanın peşəkar komandası müxtəlif eksperimentlər edir, filmlər çəkir. Onlar komediya janrından uzaqdır. Çəkdikləri filmlərdən qazanc əldə edə bilməsələr də, ruh düşkünlüyünə qapılmırlar. Sevgidən, xəyanətdən, sevən iki şəxsin qovuşa bilməməsindən bəhs edən bir film ərsəyə gətirdik. Azərbaycanda bu janra demək olar ki, müraciət edilmir. “Zaur və Təhminə” filmindən sonra bu janr ölüb. “Gün keçdi” filmində də bu janra müraciət olunmuşdu. Müasir Azərbaycan kinosu 26 ildir ki, bütün işlərlə məşğul olur, amma janr etibarı ilə bu kimi filmlər tamaşaçılara heyiflər olsun ki, təqdim olunmur. Bizim ekran əsərimiz melodram janrındadır. Burada komediya və satira, həmçinin eksperimental motivlər var. Dünya üçün ən primitiv janrdır. Dünyada istehsal olunan on filmdən onu da bu janrdadır.

Filmdə Oksananın həyat yoldaşını canlandırmışam. İlk dəfədir ki, mənfi obrazda çıxış etmişəm. Mənfi obrazda çıxışım debütdür. Mənfi rolu oynamaq çox çətindir. Çalışdım ki, obrazım inandırıcı alınsın. Bu, intellekti güclü olan mənfi bir obrazdır. Ümid edirəm ki, tamaşaçı üçün rolum çox maraqlı olacaq”.

Qeyd edək ki, O.Rəsulova filmin 100 min manata ərsəyə gəldiyini söyləyib.