“Sosial layihələr” müsabiqəsi çərçivəsində Azərbaycanda ilk dəfə yaşlıların festivalı keçiriləcək

0
550

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin 2019-cu il üzrə elan etdiyi “Sosial layihələr” müsabiqəsi çərçivəsində 20-21 dekabr tarixlərində Azərbaycanda ilk dəfə “Üçüncü Bahar” yaşlıların festivalı keçiriləcək.

Festivalın ilk günü 20 dekabr tarixində Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərində təşkil olunacaq. Festivalın yekun tədbiri 21 dekabr tarixində Bakı şəhərində yerləşən Nizami Kino Mərkəzində baş tutacaq.

“Üçüncü Bahar” İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin məqsədi yaşlıların əhatə dairəsinin genişləndirilməsi, onların fəal yaşamasının təbliğ olunması, yaşlı insanlar üçün özünüməşğulluq imkanlarının yaradılması, psixoloji və sağlamlıq durumlarının yaxşılaşdırılmasıdır.

Layihə çərçivəsində “Üçüncü bahar” Festivalından sonra Şamaxı şəhərində yaşlıların asudə vaxtının səmərəli təşkili üçün “Yaşa Mərkəzi”nin istifadəyə verilməsi nəzərdə tutulub.

Festival zamanı səhnə çıxışları, ustad dərsləri, sərgi və yaşlıların uşaqlıq dövrlərində oynadığı oyunlar təşkil olunacaq.

Festivalda bütün yaşlılar iştirak edə bilər. İştirakçılar “Üçüncü Bahar” Festivalına övladları və nəvələri ilə birgə qatıla bilərlər. Festivalda iştirak etmək istəyənlərin 0557042018 mobil nömrəsi ilə əlaqə saxlaması xahiş olunur