Əli Kərimli məhkəməyə verildi: Yüzlərlə insanı aldadıb, külli miqdarda pul mənimsəyib

0
631

Əli Kərimlinin rəhbərlik etdiyi “Yurd” təşkilatının Nəzarət-Təftiş Komissiyasının keçmiş sədri Aydın Əliyev Nəsimi rayon Məhkəməsində iddia qaldırıb.

Artıq məhkəmədə Əli Kərimli ilə bağlı daxil olmuş iddia əsasında hazırlıq iclası keçirilib.

Aydın Əliyev iddia ərizəsində Əli Kərimlinin təşkilata daxil olan ianə və digər pulları mənimsədiyini, ancaq öz nəzarətində saxladığını, bu pulları özünün, ailəsinin və xaricdə yaşayan övladlarının ərəb şeyxlərinin övladları kimi yaşamasına sərf etdiyini, yüzlərlə üzvü aldatdığını, hər birindən öz şəxsi mənafeyi üçün istifadə etdiyini, antidemokratik hərəkətlərinə etiraz edənləri ləkələdiyini, böhtanlara məruz qoyduğunu və təşkilatdan uzaqlaşdırdığını, sərt diktatura rejimi qurduğunu bildirib. O,  Əli Kərimlini “dələduz” adlandırıb.

Aydın Əliyev daha sonra Əli Kərimlinin gəncləri də aldadaraq özünün çirkin oyunlarına qurban vermək istədiyini, bir çoxlarının onun anti-demokratik, qanunsuz, nizamnamə və məramnaməyə zidd əməllərindən xəbərdar olduğunu, lakin bunları dilə gətirməkdən çəkindiyini qeyd edib.

Aydın Əliyev həmçinin Əli Kərimli tərəfindən vəzifə səlahiyyətlərinin həyata keçirilməsinə imkan verilmədiyini, onun Nəzarət-Təftiş Komissiyası haqqında Əsasnamənin tələblərini kobud şəkildə pozduğunu qeyd edib və Komissiyanın sədri vəzifəsini icra etməyə maneəçilik törətməsinin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş edib.