Mir Şahin: PA-nın ictimai-siyasi şöbəsinin ləğvi…

0
486

Ölkə dəyişir, dövlətin idarəolunma mexanizmi dəyişir və sürətlə dəyişir ki, təhlil etməli olduğun mövzu üzərində lazım olduğu qədər dayanmağa da çatdırmırsan, çatdıra bilmirsən.
Sinoptik dili ilə desək, bir həftəyə illik normadan artıq düşür. İlham Əliyev dövlətin bütün istiqamətərinin avanqardındadır. O bir yandan dövlətin inkişaf istiqamətlərinin lokomotivi olaraq qalır, Azərbaycanı 4-cü sənaye transformasiyasının standartlarına uyğunlaşdırır, digər tərəfdən isə öz menecmentini müxalifətin qeydə almalı olduğu, amma qeyri-peşəkarlığı nəticəsində gözdən qaçırdığı, daha doğrusu heç görə bilmədiyi çatışmazlıqları konseptual olaraq ləğv edir. Bununla da nə qədər qəribə səslənsə də, içində bir özünəmüxalifətçilik ovqatı formalaşdırmaqla həm də müxalifətin avanqardı təsiri bağışlayır.
Biz bu yaxınlarda ilin ayrı-ayrı siyasi-ictimai fraqmentləri üzərində dayanarkən 2018-ci ildəki Prezident Əliyevin 2003, 2008, 2015-ci ildəki özündən tam fərqli olduğunu demişdik. Bu gün baş verən proseslər də müşahidələrimizin dəqiq olduğunu deməyə əsas verir. İlham Əliyev çevik manevrlərlə mobil, çoxfunksiyalı idarə pultu yaradır.
Prezident Administrasiyasının yeni strukturunun təsdiqi göstərdi ki, Dövlətimizin Baş Binasının ierarxik interyeri keyfiyyətli şəkildə yenilənir. İctimai-siyasi şöbə kimi uzunmüddətli, sümükləşmiş idarəçilik elementinin bir qələmlə ümumiyyətlə ləğv edilməsi, onun, habelə Adminstrasiyanın bir sıra başqa qurumlarının da funksiyalarının, səlahiyyətlərinin daha konkret şəkildə yeni ştat sisteminə uyğun olaraq şaxələndirilməsi bizi daha çevik və daha səmərəli idarəetməyə hazırlayır.
Bəlkə də ilk baxışda diqqəti çəkməyən, amma kifayət qədər ciddi, vətəndaşlarla ünsiyyətin qlobal çağırışlara uyğun olaraq daha səmimi və daha mədəni formatına keçidini əks etdirən detala da toxunum. Dövlət idarəetmə ovqatını sırf adminstrativdən xalis səmimiyyətə keçirməli olan bir dəyişiklikdən bəhs edirəm. Yadınızdasa, biz elə burdaca şərh verərkən Prezidentin-azsaylı seçilmişlərlə görüş formatından açıq ünsiyyətə keçən, hündür bir yerə çıxaraq əhalidən əlbəəl məktub yığan, hətta xalqla birlikdə oxunan nəğməyə qoşulan Əliyevin yeni ictimai rəftar, fərdi davranış daşıyıcılarıyla işləyəcəyinin yaxın zamanın işi olduğunu qeyd etmişdik. Bax elə onda görünürdü ki, inzibati kirəcləşmənin bütünlüklə yumşaldılması və büsbütün yuyulması, tam şəffaflaşdırılmasına çox qalmayıb. Buyurun. Dövlət-vətəndaş formatının tələb etdiyi insani təmas məzmunu özünəuyğun qəlbi, formanı zəruri edir.
Vətəndaş məmnunluğunun ASAN-dan, DOST-dan keçən yolu – sadə münasibətlər sistemi, şəffaf fon Azərbaycanın Baş Binasının ayrı-ayrı şöbələrinə də daxil olmaqdadır. Buna qədər edilən dəyişikliklərin ardınca son tamamlama işləri aparılır. İşlək, avtomatlaşdırılan aparat yaradılır. Və niyə də olmasın. Bir halda ki, bu komanda Prezident tərəfindən verilib və ASAN da, DOST da, ABAD və başqa belə yeniliklçi qurumlar da Əliyevin ideya və təşəbbüslərinin nəticəsidir.

Mir Şahin Ağayev,
Əməkdar jurnalist, “Real”TV-nin baş direktoru