Partnyor şirkət Bakının Baş Planı haqqında: Şəhərin mobilliyini fərqli şəkildə artırmağı düşünürük

0
455

Biz Bakının mobilliyini fərqli şəkildə artırmağı düşünürük.

Bunu Bakı şəhərinin Baş Planı üzrə yanaşmaların müzakirəsində Planın ikinci mərhələsi üzrə partnyor şirkət olan “AS+P” şirkətinin icraedici direktoru Yoahim Şares deyib.

Onun sözlərinə görə, son onilliklərdə Bakıda böyümə tendensiyası müşahidə olunub. Buna görə də çoxmərkəzli şəhərin yaradılması vacibdir:

“Bu, o deməkdir ki, yalnız şəhərin mərkəzi deyil, onun ətraf ərazilərinin də yenidən inkişaf etdirilməsi çox önəmlidir. Şəhərin hazırkı mərkəzini saxlamaqla, yeni mərkəzlərin yaradılması Abşeron yarımadasının inkişafını daha da gücləndirəcək. Bu, çox önəmlidir, çünki sonda biz Bakıda olan açıq, təmiz yerlərin keyfiyyətini yüksəldə, mühəndis şəbəkələrinə olan yükü azalda, yolların əlavə avtomobillərlə yüklənməsinin qarşısını ala bilərik. Burada əsas məsələlərdən biri də hibrid dəhlizlərin yaradılması, şəhərin müxtəlif ərazilərinin bir-birləri ilə birləşdirilməsidir. Bu məsələdə infrastruktur da çox vacib rol oynayır”.

Y.Şares deyib ki, əvvəllər küçələr yaradılarkən onların ötürülmə qabiliyyəti nəzərə alınırdı: “Daha sonra ictimai nəqliyyat, üçüncü yerdə isə piyadalar və velosiped sürənlər nəzərə alınırdısa, indi bu yanaşma dəyişməlidir. Biz şəhərdə yolları elə yaratmalıyıq ki, onlar birinci növbədə piyadalar üçün, daha sonra velosiped sürənlər üçün, üçüncü yerdə ictimai nəqliyyat üçün, ən sonda isə avtomobillər üçün olsun. Buna görə də yollarda piyadalar üçün geniş sahələrin olması nəzərdə tutulub. Eyni zamanda, velosiped sürənlər də yollardan rahat istifadə edə bilərlər”.