Oktyabrın 29-da Rusiya paytaxtında VIII Moskva Beynəlxalq Müasir İncəsənət Biennalesi açılıb.
Sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Rusiya Dövlət Tretyakov Qalereyasında keçirilən sərgi “Məkan oriyentasiyası” mövzusuna həsr olunub. Müasir İncəsənət Biennalesində 11 ölkədən 34 rəssamın 50-dən çox əsəri nümayiş etdirilir.
Ekspozisiyada Azərbaycan rəssamları Orxan Məmmədovun “Estetikanın saxlanması ideyası” və Leyla Əliyevanın “Əbədiyyət” multimedia installyasiyaları təqdim olunur.
Orxan Məmmədovun təqdim etdiyi installyasiya da müxtəlif dövrlərə aid 50-dən çox Azərbaycan xalçasının naxışları toplanıb. Rəssamın süni intellektdən istifadə edərək hazırladığı art-obyektdə naxışlar bir-birini əvəzləyir.
Leyla Əliyevanın rəhbərliyi ilə 20 nəfərdən ibarət yaradıcı kollektivin video-art janrında hazırladığı “Əbədiyyət” əsərində insan cəsarətindən söhbət açılır.
İlk dəfə olaraq sərginin Moskva Biennalesinin tərəfdaşı dünyanın ən sanballı qrafik əsərlər toplusu olan Avstriyanın məşhur Albertina muzeyidir. Sərgidə XX əsrin 11 məşhur rəssamının muzeydə saxlanılan əsərləri ümumi mədəni məkanda nümayiş etdirilir.
Biennalenin əsas layihəsinin kuratoru Moskvadakı “Federasiya” və “Moskva-Siti” komplekslərinin müəllifi Dmitri Çernyakov bir neçə pavilyonda müxtəlif mövzu və janrları kiçik kapsullarda və evlərdə ümumi dialoqda birləşdirib. Onun sözlərinə görə, bütün bu müxtəlifliyi bir-biri ilə uzlaşdırmaq heç də asan deyil. Bu səbəbdən sərgi “Məkan oriyentasiyası” adlandırılıb.
Biennaledə Rusiya, Avstriya, Bəhreyn, Almaniya, Səudiyyə Ərəbistanı, İtaliya, Almaniya, Çin, Niderland, ABŞ, Fransa rəssamları da iştirak edirlər.
Sərgi müddətində SSRİ Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov haqqında filmin çəkilişləri aparılacaq. Film klassik və müasir incəsənət arasında əlaqələrdən bəhs edən maarifləndirmə proqramı çərçivəsində nümayiş olunacaq.
Sərgi yanvarın 22-dək davam edəcək.