“Maraqlı bir paradoks yaranır: Rusiya Ukraynada hərbi və siyasi məqsədlərinə nail olmaqla Qərbin mövqelərini zəiflətmək istəyir, ABŞ isə Rusiyanın müəyyən tələblərini qəbul etməklə Avropanın strateji davranışına öz təsir imkanlarını genişləndirməyə çalışır…”
“ABŞ artıq yalnız öz müttəfiqlərini qoruyan hegemon dövlət deyil, həm də onların strateji asılılığını öz üstünlüyünün bir hissəsi kimi görən gücə çevrilə bilər.
Son vaxtlar Donald Tramp administrasiyasının Ukrayna müharibəsi fonunda Vladimir Putinə və bütövlükdə Rusiyaya münasibəti ilə bağlı müxtəlif geo-siyasi şərhlər səsləndirilir. Bəzi analitiklər iddia edirlər ki, Vaşinqton Avropa İttifaqını özünün əsas geo-siyasi və iqtisadi rəqiblərindən biri hesab etdiyi üçün Rusiyanın aqressiv siyasətinin yaratdığı vəziyyətdən istifadə etməklə Avropa birliyini zəiflətməyə, hətta çökürtməyə çalışır.
Hətta Yaxın Şərqdə İran ətrafında baş verən hadisələrin, eləcə də Hörmüz və Bab əl-Məndəb boğazlarında gəmiçilik təhlükəsizliyinin pozulmasının da bu strategiyanın tərkib hissəsi olduğu barədə fikirlər səsləndirilir.
Görəsən, bu iddiaları nə dərəcədə əsaslı hesab etmək mümkündür? ABŞ-ın siyasətində Avropanı zəiflətmək, Rusiyadan geo-siyasi məqsədlər üçün istifadə etmək və Yaxın Şərqdəki proseslər arasında vahid strateji xəttin mövcudluğundan danışmaq olarmı, yoxsa burada bir-birindən fərqli geosiyasi maraqlar və proseslər vahid konspirativ yanaşma çərçivəsində izah edilir?..

ABŞ-da yaşayıb fəlaiyyət göstərən siyasi təhlilçi və konfliktoloq Əli Əskərli mövzu ilə bağlı Moderator.az-a açıqlamasında bu fikirləri ifadə edib:
“Zənnimcə, bu iddiaları tamamilə əsassız hesab etmək düzgün olmaz. Hətta müəyyən mənada belə bir fərziyyə irəli sürmək olar ki, Tramp administrasiyasının xarici siyasətində müşahidə olunan dəyişikliklər sadəcə ayrı-ayrı münaqişələrin həlli və ya ABŞ-ın ənənəvi müttəfiqləri ilə münasibətlərinin yenidən nəzərdən keçirilməsi deyil, bütövlükdə beynəlxalq güc balansının Vaşinqtonun maraqlarına uyğun yenidən qurulması cəhdidir. Bu cəhdin nə dərəcədə uğurlu olduğunu hazırda müəyyən etmək asan deyil, amma əminliklə iddia edə bilərik ki, ABŞ hələ ki, istədiklərinə nail ola bilməyib. Bəzən ABŞ administrasiyasının tam olaraq nə istədiyini bildiyinə də şübhə etmək üçün əsasımız olur…
Əslində, əsas məsələ ABŞ-ın konkret olaraq Avropanı dağıtmaq istəyib-istəməməsi deyil, Avropanın zəifləməsinin Vaşinqton üçün hansı strateji üstünlüklər yarada biləcəyidir. Bir sözlə, ABŞ öz maraqlarına uyğun siyasət həyata keçirməyə çalışır. Bu gün əsas sual budur: Avropa İttifaqı ABŞ-ın müttəfiqidir, yoxsa rəqibi? Bunu müəyyən etmək mümkün olsa, sualınıza da daha rahat cavab verə bilərik…
Əvvəla, ABŞ və Avropa arasında münasibətlərə ənənəvi müttəfiqlik prizmasından baxmaq getdikcə daha az inandırıcı görünür. Soyuq müharibə dövründə Avropa ABŞ üçün Sovet İttifaqına qarşı əsas geo-siyasi dayaq idi. Bu gün isə Avropa İttifaqı həm iqtisadi, həm texnoloji, həm də potensial siyasi güc baxımından ABŞ üçün müəyyən mənada rəqibə çevrilib. Avropa vahid siyasi iradə nümayiş etdirərək müstəqil müdafiə sistemi qura bilsə, ABŞ-dan asılı olmayan xarici siyasət yürüdə bilər. Bu isə öz növbəsində, transatlantik münasibətlərdə güc balansını dəyişdirər. Deməli, paradoksal olsa da, ABŞ-ın Avropanın təhlükəsizliyini təmin etməsi ilə Avropanın strateji müstəqilliyinin güclənməsində maraqlı olması eyni şey deyil. Vaşinqton güclü, lakin özündən asılı vəziyyətdə olan bir Avropa istəyir, yoxsa müstəqil geo-siyasi güc mərkəzi olan bir Avropa? Məncə, Tramp administrasiyasının siyasətindəki əsas ziddiyyətlərdən biri məhz bu sualda gizlidir…
İkincisi, Rusiya məsələsinə də bir qədər fərqli baxmaq lazımdır. ABŞ üçün Rusiyanı məğlub etməkdən daha vacib məsələ bəlkə də Rusiyanın Avropada və Avrasiyada hansı mövqedə qalacağını müəyyənləşdirməkdir. ABŞ-a yaxın Rusiya ilə Çinə yaxın Rusiyanın Vaşinqton üçün fərqini izah etmək əbəsdir. Ukrayna müharibəsinin ABŞ üçün yaratdığı imkanlardan biri Avropanın təhlükəsizlik baxımından Vaşinqtondan asılılığını artırmaq, digər tərəfdən isə Moskva ilə münasibətləri yenidən qurmaqdır. Burada maraqlı bir paradoks yaranır: Rusiya Ukraynada hərbi və siyasi məqsədlərinə nail olmaqla Qərbin mövqelərini zəiflətmək istəyir, ABŞ isə Rusiyanın müəyyən tələblərini qəbul etməklə Avropanın strateji davranışına öz təsir imkanlarını genişləndirməyə çalışır. Bu, iki ölkənin mütləq eyni geo-siyasi məqsədləri bölüşməsi demək deyil. Lakin onların müəyyən məsələlərdə maraqlarının müvəqqəti üst-üstə düşməsi ehtimalını da istisna etmək olmaz…
Üçüncüsü, Yaxın Şərq məsələsi bu geosiyasi mənzərəyə əlavə bir ölçü gətirir. İran ətrafında gərginliyin artması, Hörmüz və Bab əl-Məndəb boğazlarında təhlükəsizlik problemləri yalnız regional məsələ deyil. Bu boğazlar dünya enerji və ticarət sisteminin strateji arteriyalarıdır. Onların fəaliyyətində yaranan pozuntular Avropa və Asiya iqtisadiyyatına ciddi təsir göstərə bilir. ABŞ isə enerji istehsalçısı və hərbi baxımdan dominant güc kimi belə böhranlardan müəyyən iqtisadi və geosiyasi üstünlüklər əldə edə bilər. Lakin burada mühüm fərq var: böhrandan faydalanmaqla böhranı yaratmaq eyni şey deyil. ABŞ-ın bu proseslərdən faydalanması mümkündür, amma onların hamısının Vaşinqton tərəfindən vahid plan əsasında təşkil edildiyini iddia etmək üçün kifayət qədər dəlil-sübut yoxdur…
Fikrimcə, daha maraqlı və ciddi sual budur: ABŞ həqiqətən də Avropanın zəifləməsini istəyirmi, yoxsa Avropanın öz təhlükəsizliyini təmin edə bilməyəcək qədər zəif, lakin ABŞ-ın iqtisadi və siyasi üstünlüyünə meydan oxuya bilməyəcək qədər parçalanmış vəziyyətdə qalması Vaşinqton üçün daha əlverişlidir? Bu iki strateji vəziyyət arasında mühüm fərq var. Yenə də demək lazımdır ki, xarici siyasət prioritetləri dinamik şəraitdən asılı olaraq zaman-zaman dəyişir…
Nəhayət, bütün bu məsələləri klassik konspirasiya nəzəriyyəsi ilə izah etməyə ehtiyac yoxdur. Beynəlxalq siyasətdə bəzən ən böyük strateji üstünlük başqalarının yaratdığı böhranlardan yaxşı istifadə etməklə əldə olunur. Məncə, Tramp administrasiyasının siyasətini də bu prizmadan qiymətləndirmək daha məntiqlidir. ABŞ müttəfiqlərinin zəifləməsindən narahat olmaqdan daha çox, onların zəifliyinin yaratdığı asılılıq imkanlarından istifadə etməyə üstünlük verə bilər. Bu isə transatlantik münasibətlərin mahiyyətində ciddi dəyişiklik deməkdir: ABŞ artıq yalnız öz müttəfiqlərini qoruyan hegemon dövlət deyil, həm də onların strateji asılılığını öz üstünlüyünün bir hissəsi kimi görən gücə çevrilə bilər. Əlbəttə, bunun tam tərsi də ola bilər: evdəki hesab bazara uyğun gəlməz və ABŞ öz supergüc statusunu birdəfəlik itirə də bilər…”



