Xalq rəssamı Oqtay Şıxəliyevin yaradıcılıq uğurunu bu sözlərlə ifadə etmək kifayətdir
Azərbaycan təsviri sənətinin tanınmış nümayəndəsi, görkəmli fırça ustası və pedaqoq, Xalq rəssamı Oqtay Şıxəliyevin 95 yaşı tamam olur. Bu münasibətlə noyabrın 11-də Azərbaycan Milli İncəsənət Muzeyində rəssamın keçdiyi yaradıcılıq yolunu əks etdirən “Oqtay Şıxəliyevin mozaik dünyası. Mozaika. Rəngkarlıq. Keramika” adlı sərgi açılmışdır. Sərginin açılış mərasimində tanınmış incəsənət və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Azərbaycanın ilk peşəkar monumentalçı rəssamlarından olan Oqtay Şıxəliyev 1931-ci ilin sentyabrında Bakıda dünyaya göz açıb. Abşeronun yüzilliklər boyu formalaşmış el adətləri, qədim yaşayış evləri, qumsal təbiəti, qızılı Günəşi, ecazkar Xəzər mənzərəsi, xəfif və sərt dəniz küləyi Oqtayın gələcəkdə peşə seçiminə az təsir göstərməyib. Gələcəkdə rəssam olmağı qarşısına məqsəd qoyan gənc 1947-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumuna qəbul olunur. Burada Azərbaycanın istedadlı rəssamları – Lətif Feyzullayev, Qafar Seyfullayev və Bağır Maratlıdan xüsusi həvəslə sənətin özəlliklərini öyrənməyə çalışır.
1952-ci ildə rəssamlıq məktəbini fərqlənmə diplomu ilə bitirən O.Şıxəliyevin sənətə olan sonsuz məhəbbəti onu Sankt-Peterburqa gətirib. O, 1952-ci ildə V.Muxina adına Ali Bədii Sənaye məktəbinə daxil olub. Burada tanınmış istedadlı rəssamlardan sənətin təcrübi və bədii-texniki incəliklərinə yiyələnib. 1958-ci ildə məktəbi bitirən O.Şıxəliyev doğma Azərbaycana qayıdıb. Vətəndə istedadlı və enerjili gənc rəssamı doğma diyarımızın müxtəlif guşələrində ictimai binaların bədii tərtibatı gözləyirdi. Onu da qeyd edək ki, O.Şıxəliyev hələ Sankt-Peterburqda təhsil aldığı illərdən müxtəlif sərgilərdə uğurla iştirak edirdi. Rəssam 1957-ci ildə Gənclərin Ümumittifaq Sərgi Festivalında dekorativ sənət üzrə birinci mükafata layiq görülmüşdür. Oqtay Şıxəliyev 1960-cı ildə Rəssamlar İttifaqına üzv qəbul olunub. Onun əhatəli bədii və pedaqoji yaradıcılıq fəaliyyəti yüksək qiymətləndirilib. Əməkdar rəssam (1982) və Xalq rəssamı (2002) fəxri adlarına layiq görülüb, Prezident təqaüdçüsü olub.
Rəssam həm monumental rəngkarlıq, həm dekorativ tətbiqi sənət (keramika), eləcə də dəzgah rəngkarlığı sahələrində bir-birindən maraqlı əsərlər qalereyası yaradıb. Rəssam bir çox xarici ölkələrdə – Meksika, Almaniya, Kanada və başqa yerlərdə yaradıcılıq ezamiyyətlərində olub.
O.Şıxəliyev bədii yaradıcılıqla yanaşı, pedaqoji fəaliyyət də göstərib. Rəssam Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında çalışıb.
O.Şıxəliyev 1960-cı illərdən başlayaraq, bir çox ictimai binaların – idman saraylarının, məktəblərin, zavodların, metrostansiyaların, parkların bədii tərtibatını hazırlayıb və onların insanlarda bədii estetik zövq aşılaması və ətraf mühitlə daha üzvü surətdə səslənməsi üçün bədii kompozisiyalar yaradıb. Rəssam yaradıcılığında milli və müasir monumental rəssamlıq ənənələrinin sintezini peşəkarlıqla əlaqələndirib.
O.Şıxəliyevin yaradıcılığının uzun dövrünün sovetlər dönəminə təsadüf etməsi və həmin dövrün bədii-estetik prinsiplərini özündə əks etdirməsi reallıqdır. Buna baxmayaraq, rəssam həmişə yaradıcılığında milli ənənələrdən yüksək ustalıqla istifadə etmişdir. Bu cəhətləri istər mövzu, istərsə də bədii işlənilmə xüsusiyyətlərində, əsərlərin süjet, kolorit və bədii şərhində müşahidə etmək olar. Buna nümunə kimi O.Şıxəliyevin “Qarabağ” mehmanxanasının bədii tərtibatında xalqımızın etnoqrafik elementlərindən qaynaqlanaraq tamaşaçıda xüsusi bədii zövq yaradan formalardan istifadə etməsini, onun rəng həllində isə daha çox isti rənglərə üstünlük verməsini göstərə bilərik. Rəssamın monumental yaradıcılıq nümunələrinə gəldikdə isə, Bakıda yerləşən 18 saylı məktəbi, Bakı Dövlət Sirki, rəssamın Hacıbala Rəcəbovla birgə fəaliyyətləri nəticəsində Bakı Məişət Kondisionerləri Zavodu, “Azərbaycan” nəşriyyatının binası, Bakıda “Uşaq dünyası” universal mağazası, “Novbahar” restoranı və digərlərini qeyd etmək mümkündür.
18 saylı məktəbin fasadında yerləşən qalaktikadan bəhs edən “Ulduzlara doğru” mozaik pannosu olduqca diqqətçəkəndir. Rəssam kompozisiya quruluşunda, rəng həllində, mövzu seçimində, eləcə də pannonun ətraf mühitlə əlaqəli şəkildə səsləşməsində bədii yaradıcılıq imkanlarından və rəssam təxəyyülündən son dərəcə məharətlə bəhrələnə bilmişdir. İrəliyə doğru uzanmış qoşa əllərin içərisində fəzanın ənginliklərini fəth etmək istəyən gənc oğlan və qız əllərində kosmik cihaz tutmuş vəziyyətdə təsvir edilib. Burada rəssam dünyanın sirlərindən agah olmağın yeganə doğru yolunun elmdən, bilikdən, təhsildən başladığını bədii biçimdə tamaşaçısına çatdıra bilib.
O.Şəxəliyevin yaradıcılığının digər bir nümunəsi Ulu Öndər Heydər Əliyevin adını daşıyan İdman və Konsert Kompleksidir. Rəssam bu kompleksdə işlərin tərtibatında daha çox milli adət-ənənələrimizə, folklor nümunələrinə istinad edərək sonda tamaşaçının zövqünü oxşayan sənət inciləri yaratmışdır.
O.Şıxəliyevin tematik tablolarına misal olaraq “Çənlər” (1969), “Kürün ram edilməsi” (1970), “Ancaq sülh” (1970), “Sallaqxana” (1970), “Mənim buketim” (1971), “Kapella” (1980), “Muğam” (1982) və s. əsərlərini göstərmək olar.
Rəssam “Kürün ram edilməsi” əsərində Kür çayı üzərində inşa edilən su-elektrik stansiyasının tikintisini fırçasının qüdrəti ilə bədiiləşdirib. Avtomaşınların sular üzərində hərəkət etdiyi məqamı rəssam ustalıqla təsvir edə bilib. Əsər üçün baxış nöqtəsinin seçilməsi və kolorit həlli tamaşaçının marağına səbəb ola biləcək bədii cəhətlərdəndir.
O.Şixəliyevin maraqlı portretləri sırasında “Mənim qaracam” (1970), “Tarzən Bəhram Mansurov” (1972), “Rəssam Rasim Babayev” (1975), “SSRİ Xalq Artisti Mirzəağa Əliyev” (1974), “Nigar” (1975), “Rəssamın ailəsi” (1976) və s. əsərləri qeyd etmək olar. “Qobustan daşları” (1966), “Sumqayıt boruları” (1970), “Meksika həyəti” (1982), “Aydın səma” (1974) tabloları isə rəssamın mənzərə janrında yaratdığı əsərləridir. O.Şıxəliyev mənzərə əsərlərində təbiət görüntülərinə yaradıcı yanaşmaqla tamaşaçıya bədii zövq aşılayıb.
Rəssamın Azərbaycan təsviri sənət aləminə bəxş etdiyi özünəməxsus yaradıcılıq nümunələrinin neçə-neçə gənc istedadlı rəssamın yetişməsinə bundan sonra da təkan verəcəyi və hər zaman yaratdıqlarının tamaşaçı auditoriyasının marağına səbəb olacağı şübhəsizdir.
Əsəd QULİYEV,
Azərbaycan Milli İncəsənət Muzeyinin şöbə müdiri, Rəssamlar İttifaqının üzvü, sənətşünas






