Kofe alarkən yalnız qiymətə və qablaşdırmanın görünüşünə diqqət yetirmək kifayət deyil. Məhsulun keyfiyyəti, tərkibi, istehsal və son istifadə tarixi, qovrulma dərəcəsi, saxlanma şəraiti və istehsalçı barədə məlumatlar da nəzərə alınmalıdır. Xüsusilə bazarda müxtəlif növ üyüdülmüş, dənəvər və hazır kofelərin satılması istehlakçıların seçim zamanı daha diqqətli olmasını tələb edir.
Bəs keyfiyyətli kofeni saxtalaşdırılmış və ya aşağı keyfiyyətli məhsullardan necə fərqləndirmək olar? Kofe alarkən hansı məqamlara xüsusi diqqət yetirilməlidir?
Mövzu ilə bağlı qida eksperti Səbuhi Məmmədov Sonxeber.az-a açıqlamasında bildirdi ki, kofe alarkən ilk növbədə məhsulun keyfiyyətinə, tərkibinə və qablaşdırılmasına diqqət yetirmək lazımdır. Onun sözlərinə görə, seçim zamanı istehsal və son istifadə tarixləri, istehsalçı şirkət, məhsulun mənşəyi və saxlanma şəraiti mütləq yoxlanılmalıdır: “Keyfiyyətli kofenin özünəməxsus təbii ətri olur. Xüsusilə üyüdülmüş kofe alarkən məhsulun tərkibində əlavə maddələrin olub-olmamasına diqqət yetirilməlidir. Qablaşdırması zədələnmiş, üzərində istehsalçı və tərkib barədə məlumatlar aydın göstərilməyən məhsullardan uzaq durmaq lazımdır.
Eyni zamanda, kofenin qovrulma dərəcəsi və növü də onun dadına və keyfiyyətinə təsir edən əsas amillərdəndir. Kofe istehlakında miqdar məsələsi də diqqətdən kənarda qalmamalıdır. Həddindən artıq kofein qəbulu yuxu pozuntusu, ürəkdöyünmə və digər arzuolunmaz təsirlərə səbəb ola bilər”.



