QURU HAVADAN GÜNDƏ 1000 LİTR SU!

Bəşəriyyətin ən böyük problemlərindən biri olan içməli su qıtlığının həlli gözümüzün qabağında, amma çox vaxt ağlımıza gəlməyən bir yerdə gizlənə bilər: havada!

2025-ci ildə kimya üzrə Nobel mükafatına layiq görülmüş Kaliforniya Universitetinin Berkli kampusunun professoru Omar Yaghi bu sahədə inqilabi texnologiyanın inkişafına rəhbərlik edir.

Texnologiyanın əsasında metal-üzvi karkaslar (MOF) adlanan qeyri-adi materiallar dayanır. Bu materialların daxilində milyonlarla mikroskopik məsamə var. Onlar havadakı su molekullarını süngər kimi özünə çəkir, daha sonra istiliyin təsiri ilə həmin nəmi buraxır. Su buxarı soyudularaq maye hala gətirilir və təmiz su əldə olunur. Ən maraqlısı isə budur ki, bu proses hətta səhraların son dərəcə quru havasında da işləyə bilir!

Omar Yaghinin yaratdığı Atoco şirkəti artıq gündə 1000 litrə qədər su istehsal etmək üçün nəzərdə tutulmuş avtonom qurğular hazırlayır. Günəş enerjisindən və aşağı temperaturlu istilik mənbələrindən istifadə edə bilən bu sistemlər elektrik və mərkəzləşdirilmiş su şəbəkəsi olmayan bölgələr üçün böyük perspektiv vəd edir. Hələlik 1000 litr göstəricisi kütləvi istifadədə təsdiqlənmiş nəticə deyil, kommersiyalaşdırılması üzərində işlənilən texnologiyanın hədəf gücüdür.

Bu kəşf hələ dünya su böhranının tam həlli demək deyil. Ancaq elm bizə mühüm bir həqiqəti göstərir: Bəzən təbiətdə yeni resurs axtarmağa ehtiyac yoxdur. Mövcud resursdan istifadə etməyin yeni yolunu kəşf etmək kifayətdir.

 İbrahim Nəbioğlu