Qırmızı şərabın gizli təhlükəsi: Həkim həqiqəti açıqladı

Qırmızı şərab qanda hemoqlobinin səviyyəsini artırmır.

Bu barədə İrkutsk vilayətinin Psixonevroloji Dispanserinin ali kateqoriyalı həkimi, narkoloq Andrey Sergeyev RİA Novosti-yə açıqlamasında bildirib.

Həkim izah edib ki, bu spirtli içkinin tərkibində hemoqlobinin əsas mikroelementi olan dəmirin orqanizm tərəfindən mənimsənilməsinə mane olan maddələr var. O, bunun əksini iddia edənlərə inanmamağa çağırıb.

Həkimin sözlərinə görə, qırmızı şərab da digər spirtli içkilər kimi maddələr mübadiləsində və qanın tərkibinin qorunmasında iştirak edən qaraciyərə mənfi təsir göstərir.

Sergeyev qeyd edib ki, hemoqlobin oksigeni daşıyan mürəkkəb zülaldır. Dəmir çatışmazlığı zamanı orqanizmin hüceyrələri kifayət qədər oksigen almır və bu, anemiyaya səbəb olur. Xəstəlik halsızlıq, başgicəllənmə, hətta cüzi fiziki gərginlik zamanı təngnəfəslik və tez yorulma ilə müşayiət olunur.

Həkim bildirib ki, anemiyanın ilkin mərhələsində nar və qırmızı ət qəbul etməklə qanda hemoqlobinin səviyyəsini artırmaq mümkündür. Lakin xəstəliyin ağırlaşmış hallarında terapevtə müraciət etmək lazımdır.