Füzuli şəhərinin işğaldan azad edilməsindən altı il ötür. Ötən müddətdə şəhərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılıb, müasir infrastruktur yaradılıb, yeni yaşayış binaları inşa edilib. Doğma yurdlarına qayıdan sakinlər bu gün Füzulidə yeni həyata başlayırlar. Şəhərin yenidən qurulması, sakinlərin doğma torpaqlarına qayıdışı Vətən uğrunda canından keçən şəhidlərin xatirəsinə ehtiramın və onların arzularının gerçəkləşməsinin təzahürüdür.
Bu sözləri Azərtac-a açıqlama verən Füzuli şəhər sakini, şəhid atası Bəhruz Mikayılov bildirib.
“Altı ildir ki, Füzuli azaddır. Allah bütün şəhidlərimizin ruhunu şad etsin. Onların qanı və canı bahasına azad olunan torpaqlarımıza yenidən həyat qayıdıb. Ali Baş Komandanımızın vurğuladığı kimi, Füzuli şəhəri işğaldan azad ediləndə bayraq sancmağa bir yer yox idi. Amma bu gün gözəlləşən Füzulimiz göz önündədir. Şəhər yenidən qurulub, doğma sakinlərini qucağına alıb. Təbii ki, bütün bunlar Ali Baş Komandan İlham Əliyevin bizə göstərdiyi diqqət və qayğının nəticəsidir. Biz Ali Baş Komandanımıza təşəkkür edirik. Mənim övladım, şəhid Ülvi Mikayılov da Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid övladım mənə vəsiyyət etmişdi ki, əgər şəhid olarsa, onu Füzuli torpağında dəfn edim və özüm də Füzuli şəhərində yaşayım. Mən övladımın vəsiyyətini və arzusunu yerinə yetirərək artıq üç ildən çoxdur ki, Füzulidə yaşayıram”, – deyə o qeyd edib.
Müsahibimiz bildirib ki, məcburi köçkün düşəndə dördüncü sinifdə oxuyurmuş. “Otuz il Vətən həsrəti çəkdik. Dördüncü sinif şagirdi olaraq tərk etdiyim doğma torpağıma şəhid atası kimi qayıtdım. Bu, mənim üçün qürur və şərəfdir. Allah bütün şəhidlərimizin məkanını cənnət eləsin, qazilərimizə və veteranlarımıza cansağlığı versin. Allah Ordumuzu qorusun. Şəhidlərimizin bizə yadigar qoyduğu bu torpaqlarda yaşamaq bizim üçün qürurdur.
Gündən-günə gözəlləşən Füzulimiz göz önündədir. Yeni binalar inşa edilib, yollar salınıb, şəhərdə yaşamaq üçün hər cür şərait yaradılıb”, – deyə Bəhruz Mikayılov əlavə edib.



