Rusiya sərhədi yaxınlığında gərginlik: ABŞ kəşfiyyat təyyarəsi aşkarlandı

ABŞ-ın “Bombardier ARTEMIS II” kəşfiyyat təyyarəsi Rusiya sərhədindən onlarla kilometr aralıda, Estoniya və Latviya yaxınlığında patrul xidmətinə başlayıb. 

Bu barədə “RİA Novosti” məlumat yayıb. Agentlik beynəlxalq uçuş məlumatlarına istinad edib.

“Təyyarə təxminən Moskva vaxtı ilə saat 8:42-də Rumıniyanın Konstansa Beynəlxalq Hava Limanından yola düşüb və şimal-qərbə doğru hərəkət edib. O, Macarıstan, Slovakiya, Polşa və Litva ərazilərini keçərək şimala, Estoniyaya doğru hərəkət edib”, – nəşr yazıb.

Daha sonra “Bombardier” geri dönüb və Estoniya sahillərinə çatmadan cənuba qayıdıb.

Bir müddət əvvəl ABŞ kəşfiyyat təyyarəsinin Rumıniyadakı bazaya qayıtmazdan əvvəl Qara dəniz üzərində səkkiz saatlıq patrul uçuşu həyata keçirməsi barədə də məlumat yayılmışdı. “Bombardier ARTEMIS II” təyyarəsi Moskva vaxtı ilə təxminən saat 8:45-də “Mixail Koqelniçanu” Hava Bazasından havaya qalxıb və Qara dənizdə patrul xidmətinə başlayıb. Təyyarə Moskva vaxtı ilə təxminən saat 16:55-də bazaya qayıdıb.

Həmçinin oktyabrın 11-də “Bombardier ARTEMIS II” Ukraynaya məxsus və hazırda işğalda olan Krım yarımadasından yüzlərlə kilometr aralıda dövrə vurmuşdu.