“Sosial şəbəkədə bir neçə şəxs pensiya kapitallarında müşahidə olunan dəyişikliklərlə bağlı narahatlığını ifadə edib”.
Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili sosial şəbəkə hesabında bildirib.
Onun sözlərinə görə, bu müvəqqəti dəyişiklikdir və narahatlığa əsas yoxdur:
“Çünki hazırda işəgötürənlər tərəfindən cari ilin III rübü üzrə sosial sığorta haqlarına dair təqdim olunmuş hesabatların elektron sistemdə emalı prosesi aparılır. Bu prosesdə vətəndaşların pensiya kapitallarında əks olunan bəzi məlumatlarda müvəqqəti dəyişikliklər müşahidə oluna bilər. Emal prosesinin 11 oktyabr saat 17:00-dək başa çatdırılması gözlənilir. Texniki proses başa çatdıqdan sonra şəxsi kabinetlərdə məlumatlar dəqiqləşdirilmiş hesabatlar əsasında yenilənmiş formada əks olunacaq”.



