Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib.
O, bu barədə Aif.ru-ya müsahibəsində danışıb.
Mütəxəssis qeyd edib ki, xəstəliyin risk faktorları əsasən iki qrupa ayrılır: insanın müdaxilə edərək dəyişə biləcəyi amillər və təsir imkanının olmadığı səbəblər.
Nəzarət edilməsi mümkün olmayan amillərə genetik meyillilik aiddir. Əgər valideynlərdən birində şəkərli diabet varsa, xəstəliyin yaranma riski xeyli yüksəlir, hər ikisində olduqda isə bu ehtimal daha da artır.
Yaş faktoru da xüsusi əhəmiyyət daşıyır. 45 yaşdan sonra diabetin yaranma riski artır. Həmçinin, hamiləlik zamanı hestasion diabet diaqnozu qoyulmuş qadınlar da risk qrupuna daxildir. Belə qadınlarda gələcəkdə 2-ci tip diabetə daha çox rast gəlinir.
Nəzarət edilə bilən amillər isə birbaşa həyat tərzi ilə əlaqədardır. Terapevt xəstəliyin profilaktikası üçün üç vacib qaydanı sadalayıb.
Birinci qayda normal bədən çəkisini saxlamaq və bel ölçüsünə diqqət yetirməkdir. Visseral piylənməni göstərən bel ölçüsü qadınlarda 80 sm-dən, kişilərdə isə 100 sm-dən artıq olmamalıdır. Eyni zamanda, bədən kütləsi indeksinin 25 həddini aşmamasına nəzarət edilməlidir.
İkinci qayda fiziki fəallıqdır. Kardioloqların tövsiyəsinə görə, həftə ərzində 150 dəqiqə, yəni gündəlik təxminən yarım saat sürətli templə yerimək faydalıdır.
Üçüncü addım təbii qidalara üstünlük verməklə sağlam qidalanmaqdır. Artıq kalori qəbulundan qaçmaq və qəbul edilən enerjinin bədənin enerji sərfiyyatı ilə balanslaşdırılmasını təmin etmək vacibdir.



