Ermənistan ABŞ-ın süni intellekt infrastrukturunun mərkəzinə çevrilir

Ermənistan ABŞ-ın süni intellekt infrastrukturu üçün mühüm mərkəzlərdən birinə çevrilir. 

Bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilib ki, ABŞ-ın “Firebird” startapı İrəvandan 45 kilometr məsafədə yerləşən Hrazdan şəhərində yeni data-mərkəzi istifadəyə verib. Obyektin gücünün 2027-ci ilin sonuna qədər 300 MVt-a çatdırılması planlaşdırılır.

Mərkəzin texniki bazasını “Nvidia” şirkətinin 70 mindən çox qabaqcıl çipi təşkil edəcək. Bu, Hrazdandakı data-mərkəzini regionun ən böyük hesablama klasterlərindən birinə çevirə bilər.

Məlumata görə, mərkəzin hesablama resurslarının 20 faizi Ermənistanın daxili ehtiyacları üçün, 80 faizi isə xarici şirkətlərə icarəyə veriləcək. Əsas istiqamətlərdən biri süni intellekt modellərinin hazırlanması və öyrədilməsi olacaq.

Qeyd olunur ki, Ermənistan son illərdə ABŞ-la yüksək texnologiyalar sahəsində əməkdaşlığını da genişləndirir. 2025-ci ildə tərəflər texnologiya mübadiləsi və əqli mülkiyyətin qorunmasını da əhatə edən strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar.