Litva Seymi ölkə ərazisində kütləvi qırğın silahlarının və xarici dövlətlərin hərbi bazalarının yerləşdirilməsini qadağan edən konstitusiya müddəasının ləğv edilməsini nəzərdə tutan dəyişikliyi ilkin olaraq təsdiqləyib.
Dəyişikliyə 99 deputat lehinə, 13-ü əleyhinə səs verib, 5 deputat isə bitərəf qalıb.
Seymin spikeri Yuozas Olekas bildirib ki, NATO-nun nüvə çəkindirməsi alyansın kollektiv müdafiə arxitekturasının əsas elementlərindən biridir. Onun sözlərinə görə, məqsəd nüvə şantajının qarşısını almaq və etibarlı çəkindirməni təmin etməkdir.
Hazırda Litva Konstitusiyasının 137-ci maddəsi ölkədə kütləvi qırğın silahlarının və xarici hərbi bazaların yerləşdirilməsini qadağan edir. Dəyişiklik bu qadağanı aradan qaldırır.
Qeyd edək ki, konstitusiya dəyişikliyinin qüvvəyə minməsi üçün onun daha iki dəfə, hər səsvermə arasında ən azı üç ay olmaqla, ən azı 94 deputatın dəstəyi ilə qəbul edilməsi tələb olunur.



