Ekologiya haqqında danışanda çox vaxt ağacların əkilməsini, təmiz küçələri, parkları və yaşıllıqları düşünürük. Mənim üçün isə ekologiya daha sadə bir yerdən başlayır – insanın ətrafındakı həyata münasibətindən.
Küçədə yerə atılan zibil, qırılan ağac, çirkləndirilən su, köməyə ehtiyacı olan sahibsiz heyvan… Bunların hər biri bizə kiçik görünə bilər. Amma əslində təbiətə münasibətimizi məhz belə kiçik davranışlar göstərir.
Mən bu məsələyə illərdir biganə deyiləm. Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin və “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyinin fəal üzvü kimi müxtəlif ictimai tədbirlərdə iştirak etmişəm.
Xüsusilə 2018-ci ildə kollektivimizlə birlikdə iştirak etdiyimiz “Yaşıl Patrul” tədbirləri mənim üçün yaddaqalan olub. Həmin illərdə rayonlara səfərlər edir, küçələrdə sahibsiz heyvanların vəziyyəti ilə maraqlanır, onlara qayğı və yardım göstərilməsi istiqamətində fəaliyyət göstərirdik. O zaman bir daha başa düşdüm ki, təbiəti qorumaq yalnız ağac əkməkdən ibarət deyil. Canlılara göstərdiyimiz münasibət də bu anlayışın bir hissəsidir.
Bu gün də ekologiya mövzusu mənim üçün aktualdır.
Son illərdə Azərbaycanda ətraf mühitin qorunması, tullantıların düzgün idarə olunması, təkrar emal, yaşıllıqların artırılması, biomüxtəlifliyin qorunması və ekoloji maarifləndirmə istiqamətində müxtəlif tədbirlər keçirilir.
2024-cü ildə ölkəmizin COP29-a ev sahibliyi etməsi də iqlim və ətraf mühit məsələlərinin daha geniş müzakirəsinə səbəb oldu.
Məncə, belə tədbirlərin ən gözəl nəticəsi insanların gündəlik həyatında özünü göstərməlidir.
Məsələn, bir insan təbiətə gedəndə arxasında zibil qoymursa, ağaca zərər vermirsə, suyu israf etmirsə, küçədə gördüyü heyvana laqeyd yanaşmırsa – bu da ekologiyadır.
Bəzən düşünürük ki, “Mən tək nə edə bilərəm?” Amma mən inanıram ki, dəyişiklik elə həmin bir nəfərdən başlayır.
Bu gün bir insanın etdiyi yaxşılıq sabah başqasına nümunə ola bilər.
Xüsusilə uşaqların və gənclərin ekoloji maarifləndirilməsini çox vacib hesab edirəm. Onlara təbiəti qorumağı yalnız sözlə deyil, davranışımızla göstərməliyik. Uşaq böyüklərinin ağacı qoruduğunu, heyvana qayğı göstərdiyini, küçəyə zibil atmadığını görəndə bunu daha asan mənimsəyir.
Mənim üçün ekologiya böyük və uzaq bir mövzu deyil. O, hər gün qarşımıza çıxan kiçik seçimlərdir.
Bir ağacı qorumaq, bir heyvana yardım etmək, bir parça zibili yerə atmamaq, təbiətdə gördüyümüz gözəlliyi qoruyub saxlamaq…
Bunların hər biri gələcəyə verilən kiçik, amma dəyərli töhfədir.
2018-ci ildə başladığımız “Yaşıl Patrul” fəaliyyətindən bu günə qədər illər keçib. Amma həmin günlərdə formalaşan düşüncə dəyişməyib: təbiəti qorumaq üçün əvvəlcə ona qarşı münasibətimizi dəyişməliyik.
Çünki təbiət bizdən böyük sözlər deyil, ilk növbədə qayğı və məsuliyyət gözləyir.
Əliyeva Mehriban Aslan qızı
Bloqer, ictimai fəal



