Bəzən bir insanın ömür yolunu yazmaq üçün onun tutduğu vəzifələri sadalamaq kifayət etmir. Çünki elə adamlar var ki, vəzifə onların tərcümeyi-halının yalnız görünən hissəsidir; əsas ömür gördükləri işlərin, yaratdıqları münasibətlərin, açdıqları yolların içində qalır.
Məmməd Əliyev belə adamlardandır.
Onu uzun illər yaxından tanıyan biri kimi mənim yaddaşımda Məmməd müəllim hər şeydən əvvəl tükənməz enerjisi olan bir insandır. Fizikadan diplomatiyaya gəlmiş, amma sanki özü ilə elmin bir mühüm vərdişini də gətirmişdi: hadisənin səthinə deyil, mahiyyətinə baxmaq, səbəblə nəticə arasındakı əlaqəni görmək və mürəkkəb məsələnin həllini tapmayınca ondan əl çəkməmək.
1990-cı illərin Ankarasında Azərbaycan səfiri olmaq adi diplomatik missiya deyildi. Müstəqilliyini yenicə bərpa etmiş, müharibə şəraitində yaşayan bir dövləti Türkiyədə təmsil etmək üçün protokol qaydalarını bilmək az idi. Azərbaycanı anlatmaq, onun dərdini öz dərdin kimi yaşamaq, qapılar açmaq, insanları inandırmaq, mətbuatla işləmək, siyasi dairələrlə münasibətlər yaratmaq, bəzən də hamının “olmaz” dediyi bir işi “olar”a çevirmək lazım idi.
Məmməd müəllim məhz bunu bacarırdı.
Onun Türkiyədəki on üç illik səfirlik fəaliyyətindən geriyə baxanda ayrı-ayrı epizodlar deyil, bütöv bir dövr görünür: Heydər Əliyevin Türkiyəyə tarixi səfərləri, Azərbaycan–Türkiyə münasibətlərinin yeni mərhələyə keçməsi, böyük enerji və nəqliyyat layihələri ətrafında aparılan gərgin diplomatik iş, Azərbaycan Ordusu üçün zabitlərin hazırlanması, TÜRKSOY-un qurulması istiqamətində səylər, Azərbaycan həqiqətlərinin Türkiyə ictimaiyyətinə çatdırılması…
Və Ankara…
Bu şəhərdə Azərbaycan səfirliyi üçün alınmış torpaq, sonradan ucaldılmış möhtəşəm səfirlik kompleksi, “Bakı” adını daşıyan küçə, diplomatlarımız üçün yaradılan şərait… Bunlar indi adama təbii görünə bilər. Amma hər hazır binanın arxasında vaxtilə boş bir torpaq sahəsi, hər açılmış qapının arxasında isə onu açmaq üçün illərlə döyülmüş qapılar dayanır.
TADİV-in — Türkiyə-Azərbaycan Dostluq və Əməkdaşlıq Vəqfinin qurulması və fəaliyyətinin genişlənməsi də o illərin ayrıca bir tarixidir. Bu işin arxasında Azərbaycan xalqının böyük dostu, görkəmli alim və xeyriyyəçi, mərhum professor İhsan Doğramacı ilə Heydər Əliyevin dostluğu dayanırdı. Məmməd müəllim bu dostluqdan güc alaraq səfirliyin böyük səyləri nəticəsində bu vəqfin qurulmasında əməli işlər görmüş və bununla da TADİV o dövrdə Azərbaycanla Türkiyə arasında elmə, mədəniyyətə, təhsilə və ictimai əlaqələrə söykənən yeni körpülərin yaranmasına töhvələr vermişdir.
Məmməd müəllimin diplomatiyası bir az da belə diplomatiya idi – nəticəsi görünən diplomatiya.
Onun Türkiyənin ən müxtəlif siyasi düşərgələrinə mənsub insanlarla qurduğu münasibətlər də ayrıca məktəb idi. Süleyman Dəmirəl, Tansu Çillər, Məsud Yılmaz, Bülent Ecevit, Erdal İnönü, Alparslan Türkeş, Deniz Baykal… Siyasi baxışları fərqli olan bu insanların Azərbaycan səfiri ilə münasibətində ortaq bir cəhət vardı: Məmməd Əliyevə hörmət. Çünki o, şəxsi münasibəti heç vaxt şəxsi məqsədə çevirmirdi; həmin münasibətin sonunda həmişə Azərbaycan dayanırdı.
Məmməd Əliyev kabinet diplomatı deyildi. O, daim hərəkətdə idi. Fizikada enerji yox olmur, yalnız bir şəkildən başqa şəklə keçir. Məmməd müəllimin enerjisi də qəribə şəkildə gah diplomatik danışıqlara, gah dövlət işinə, gah elmə, gah dostluğa, gah da Azərbaycan naminə həll edilməli növbəti məsələyə çevrilirdi.
Bu gün onun 84 yaşı tamam olur.
84 il…
Bu rəqəmin arxasında fizika-riyaziyyat elmləri doktoru, 38 yaşında doktorluq dissertasiyası müdafiə etmiş, 39 yaşında professor olmuş böyük alim var. Azərbaycanın Türkiyədə və İspaniyada fövqəladə və səlahiyyətli səfiri var. Dövlətinə xidmət etmiş diplomat var. Bakı Dövlət Universitetinə qayıdıb yenidən elmə sarılmış müəllim var.
Amma mənim üçün bütün bunların yanında bir Məmməd müəllim də var: bəzən mənə “Sən mənim kiçik qardaşımsan” deyən, illər keçdikcə mənim gözümdə vəzifələrdən və titullardan daha yuxarıda dayanan bir Ağsaqqal.
İllər əvvəl onun 75 illiyinə yazdığım yazının adını “Abidə İnsan” qoymuşdum. Əslində bu adın da öz tarixçəsi vardı. Vaxtilə İhsan Doğramaçı haqqında çəkdiyim filmə həmin adı Məmməd müəllim vermişdi. İllər sonra düşündüm ki, zaman qəribə bir ədalətlə o sözü öz müəllifinə qaytarıb.
Çünki abidə yalnız daşdan və tuncdan olmur.
Bəzən insan öz abidəsini yaşadığı ömürlə, gördüyü işlə, dövlətinə sədaqətlə, insanların yaddaşında qoyduğu izlə özü ucaldır.
Bu gün 84 yaşın ucalığından geriyə baxanda Məmməd Əliyevin ömründə belə izlər çox görünür.
Əziz Məmməd müəllim, doğum gününüz mübarək!
Sizə uzun ömür, möhkəm sağlamlıq, doğmalarınızın əhatəsində gözəl illər arzulayıram. Qoy illər ömrünüzün üstünə yalnız rəqəm əlavə etsin, ruhunuzdakı o bitib-tükənməyən enerji isə yenə əvvəlki kimi qalsın.
Bir vaxt sizin tapdığınız o iki sözlə bu gün sizi yenə təbrik etmək istəyirəm:
Ömrünüz uzun olsun, Abidə İnsan!
İBRAHİM NƏBİOĞLU



