Gəncə və Şəmkirdə III Beynəlxalq Opera Festivalı çərçivəsində konsertlər keçiriləcək

Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində Gəncə və Şəmkirdə iki xüsusi konsert proqramı təqdim olunacaq.

Festivalın əsas məqsədlərindən biri klassik musiqi və opera sənətinin təbliği, gənc vokalçıların yaradıcılığının dəstəklənməsi və regionlarda yüksək səviyyəli musiqi tədbirlərinin təşkilidir.

Gəncədə “Sənətin Gəncə Sədası”

2 oktyabr 2026-cı il, saat 19:00-da Gəncədə “Sənətin Gəncə Sədası” adlı konsert keçiriləcək.

YAP Gəncə şəhər təşkilatının Böyük Zalında baş tutacaq tədbirdə Azərbaycanın Xalq artisti Fidan Hacıyeva və gənc solistlər çıxış edəcəklər. Sənətçiləri “Mezzo” Kamera Orkestri müşayiət edəcək.

Nizami Gəncəvinin doğma şəhəri olan Gəncədə keçiriləcək konsert klassik musiqi ənənələrinin regionda daha geniş təbliği baxımından əlamətdar hadisə olacaq.

Şəmkirdə Alman Birliyi Gününə həsr olunmuş konsert

Festivalın növbəti tədbiri 3 oktyabr 2026-cı il, saat 19:00-da Şəmkirdə keçiriləcək.

Alman Birliyi Gününə həsr olunan konsert şəhərdə yerləşən Alman Lüteran kilsəsində təşkil olunacaq. Konsertdə Azərbaycanın Xalq artisti Fidan Hacıyeva və gənc solistlər iştirak edəcək, proqram “Mezzo” Kamera Orkestrinin müşayiəti ilə təqdim olunacaq.

Tarixi-mədəni irs nümunəsi olan Alman Lüteran kilsəsində keçiriləcək konsert klassik musiqinin tarixi məkanla vəhdətini nümayiş etdirəcək.

Beləliklə, 2 və 3 oktyabr tarixlərində Gəncə və Şəmkir klassik musiqi və opera sənətinin ünvanına çevriləcək. Festival çərçivəsində keçiriləcək konsertlər sənətsevərlərə peşəkar ifaları canlı dinləmək imkanı yaradacaq.

Altun Süleymanov
“seherqazeti.az” saytının xüsusi müxbiri