Nyu-York Cənub Dairəsi üzrə Federal Məhkəməsi Vaşinqton administrasiyasının Azərbaycan, Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan və Moldova da daxil olmaqla 75 ölkənin vətəndaşlarına immiqrant vizalarının verilməsini dayandırması ilə bağlı qərarını qanunsuz hesab edib.
Bu barədə məhkəmənin yaydığı bəyanatda bildirilib.
Məhkəmə qərarında qeyd olunub ki, 75 ölkədən olan müraciətçilərə immiqrant vizalarının verilməsini tamamilə dayandıran siyasət qanuna ziddir və səlahiyyətlərdən sui-istifadə təşkil edir. Bu səbəbdən həmin siyasətin ləğv edilməsi tələb olunur.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti sözügedən məhdudiyyətləri yanvar ayında tətbiq edib. Administrasiya qərarı siyahıya daxil edilən ölkələrdən olan şəxslərin ABŞ hökuməti üçün maliyyə yükünə çevrilmə və sosial yardımlardan istifadə etmə ehtimalının yüksək olması ilə əsaslandırıb.
Məhdudiyyətlər yalnız ABŞ-a daimi yaşayış məqsədilə giriş üçün nəzərdə tutulan immiqrant vizalarına şamil edilib. Turist və digər müvəqqəti vizalar isə bu qərarın əhatə dairəsinə daxil edilməyib.



