Azərbaycanda müxtəlif sahələr üzrə inzibati cərimələrin məbləği və tətbiq mexanizmi vaxtaşırı yenilənir. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər çərçivəsində ayrı-ayrı sahələr üzrə cərimələrin artırılması və yeni məsuliyyət tədbirlərinin müəyyən edilməsi həyata keçirilir.
Rəsmi açıqlamalarda bu dəyişikliklərin hüquqpozmaların qarşısının alınmasına və qanunvericiliyin tətbiqinin təkmilləşdirilməsinə xidmət etdiyi bildirilir.
Bəs cərimələrin məbləği müəyyən edilərkən hansı meyarlar əsas götürülməlidir? Beynəlxalq təcrübədə bu məsələyə necə yanaşılır?
Moderator.az-ın suallarını iqtisadçı Rəşad Həsənov cavablandırıb.

İqtisadçı qeyd edib ki, həm nəzəri yanaşmalar, həm də beynəlxalq təcrübə göstərir ki, inzibati cərimələrin əsas məqsədi hüquqpozmaların qarşısının alınması, qanunlara əməl olunmasının təşviqi və cəmiyyətdə məsuliyyət hissinin gücləndirilməsidir:
“Bir sıra hallarda cərimələrin məbləğinin artırılması da onların çəkindirici təsirinin gücləndirilməsi və hüquqpozmaların sayının azaldılması məqsədinə xidmət edir. Beynəlxalq təcrübədə inzibati cərimələrin tətbiqi zamanı müxtəlif yanaşmalardan istifadə olunur. Bu yanaşmaların əsas məqsədi hüquqpozmaların qarşısının alınmasının daha effektiv təmin edilməsidir.
Cərimələrin məbləğinin müəyyənləşdirilməsi zamanı müxtəlif meyarlardan istifadə edilir. Bu meyarlardan biri əvvəlki dövrlərin statistik göstəricilərinin nəticələridir. Əgər müəyyən sahədə cərimələrin məbləğinin dəyişdirilməsi hüquqpozmaların azalmasına müsbət təsir göstərirsə, bu nəticələr gələcək qərarların qəbulunda nəzərə alına bilər. Əksinə, gözlənilən nəticə əldə olunmadıqda mövcud mexanizmlərin təkmilləşdirilməsi və əlavə tədbirlərin tətbiqi nəzərdən keçirilə bilər”.
Rəşad Həsənov vurğulayıb ki, eyni zamanda, hüquqpozmanın xarakteri də cərimələrin müəyyən edilməsində mühüm əhəmiyyət daşıyır:
“Məsələn, içkili vəziyyətdə avtomobil idarə etmək insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaratdığından, belə hallarda sərt məsuliyyət tədbirlərinin tətbiqi əsaslı hesab olunur.
Digər tərəfdən, bəzi qayda pozuntuları gündəlik fəaliyyət zamanı texniki və ya ani qərarlar nəticəsində baş verə bilər. Bu baxımdan, cərimələrin müəyyənləşdirilməsi zamanı hüquqpozmanın mahiyyəti, başvermə şəraiti və digər obyektiv amillərin nəzərə alınması daha balanslı yanaşmanın formalaşmasına töhfə verə bilər.
Qəsdən törədilən hüquqpozmalarla ehtiyatsızlıq və ya texniki səbəblərdən baş verən hallar arasında fərqin nəzərə alınması da cərimə siyasətinin effektivliyini artıran amillərdən biri hesab olunur.
Ümumilikdə, cərimələrin artırılması və ya dəyişdirilməsi ilə bağlı qərarların statistik göstəricilər, empirik təhlillər və mövcud təcrübə əsasında qiymətləndirilməsi hüquqpozmaların qarşısının alınması istiqamətində daha səmərəli nəticələrin əldə olunmasına töhfə verə bilər”.



