Yayda bu qidalarla bağlı XƏBƏRDARLIQ: “Ən yaxşı halda zəhərləyir, ən pis halda öldürür”

Yay aylarında qida zəhərlənmələri ilə bağlı risklər artır. Mütəxəssislər bildirir ki, sti havalarda düzgün saxlanılmayan və ya hazırlanma qaydalarına əməl edilməyən bir sıra qidalar qısa müddətdə insan sağlamlığı üçün təhlükəli hala gələ bilər. Xüsusilə açıq havada, çimərliklərdə və istirahət məkanlarında satılan və saxlanılan məhsullara qarşı daha diqqətli olmaq tələb olunur.

Bəs yayda hansı qidalar daha çox risk yaradır?

Mövzu ilə bağlı qida mütəxəssisi Ağa Salamov danışıb. Mütəxəssis qeyd edib ki, burada əsas məsələ yalnız məhsulun özü deyil, onun bütün qida zənciri boyunca hansı şəraitdə emal edilməsi, daşınması, saxlanması və istehlakçıya təqdim olunmasıdır

“Deməzdim ki, yay aylarında hər hansı bir məhsul zəhərlənmə riski yaradır. Çünki riskli məhsul ilboyu, yəni yay, qış, payız, yaz, fərqi yoxdur, bütün fəsillərdə risklidir. Həmin məhsulun düzgün qida zəncirində emalı, daşınması, saxlanması, daha sonra bişirilməsi, soyudulması, isidilməsi və müştəriyə təqdimatı düzgün şərtlər altında həyata keçirilərsə, təbii ki, burada heç bir qida zəhərlənməsindən söhbət gedə bilməz. Bəli, yay aylarında bəzən deyirlər ki, qarpızdan zəhərlənmə olur. Nəinki riskli məhsulları bir kənara qoyaq, hətta tərəvəz və meyvələrdən də zəhərlənmə halları baş verə bilər. Məsələn, qarpız. Qarpız məsələsində artıq bir çox şey fermerin vicdanına qalır. Əgər fermer torpağa azotu düzgün verərsə və pestisidlərdən, herbisidlərdən, yəni yabanı otlara və ya böcəklərə qarşı istifadə olunan dərmanlardan düzgün proses altında, yəni düzgün şərtlərlə istifadə edərsə və doza həddini aşmazsa, o zaman qida zəhərlənməsi də olmaz”.

Ağa Salamov qeyd edib ki, yay aylarında risk yarada biləcək məhsullar arasında ət, toyuq, balıq və mayonezli qidalar xüsusi yer tutur. Lakin onun fikrincə, bu məhsulların təhlükəli vəziyyətə düşməsində insanların öz davranışları da mühüm rol oynayır:

“Bəli, yay aylarında insanları zəhərləyə bilən qidalar sırasına ət, toyuq, balıq və mayonezli məhsullar daxildir. Amma burada da bəzən həmin şəraiti insanlar özləri yaradırlar ki, qidalar onları zəhərləyir. Bu şəraitlərdən biri də tıxacda qalan maşınların arxasında daşınan mayonezli məhsullar və ya kabab çəkmək üçün hansısa piknikə, dəniz kənarına gedərkən götürülən ət və toyuq məhsullarıdır. Toyuq, bildiyimiz kimi, salmonella bakteriyasının daşıyıcısıdır və patogendir. Bu bakteriya öldürücüdür. Ən yaxşı halda zəhərləyir, ən pis halda isə öldürür. Yəni insanlar bu məhsulları mikrobioloji çirklənməyə məruz qoyurlar. Burada əsas məsələ nədir? Daşınma düzgün həyata keçirilmir. İstər ictimai iaşə müəssisəsində, istər istehlakçının özü tərəfindən, istərsə də ət alınarkən bu qaydalara əməl edilməlidir. Ət də riskli məhsuldur. Gedirlər hansısa yerə və deyirlər ki, “Filan markadan alım, yaxşı ət olsun”. Alır, ət yaxşıdır, keyfiyyətlidir. Amma sonra nə edir? Qoyur maşının yük yerinə və çıxıb gedir öz işinə.

Məsələn, adam səhər əti alıb maşına qoyur, axşam aparır. Axşama qədər də ət iylənir. Sonra deyirlər ki, “Filan yerdən ət alıb, iylənib”. Halbuki burada məsələ yalnız ətin haradan alınmasında deyil. İstehlakçılar və istehsalçılar bəzən qidaları elə bir vəziyyətə salırlar ki, insanlar zəhərlənirlər. Amma qidanın özü təkbaşına riskli məhsullar sırasına daxil olsa da, təkcə qidanın özünü zəhərləyən amil kimi qiymətləndirmək olmaz. Zəhərlənmənin baş verməsi üçün müəyyən şərait yaranmalıdır. Bu şərait isə həm istehsalçı tərəfindən, həm də istehlakçı tərəfindən yaradıla bilər”.

Qida mütəxəssisi qazlı içkilərlə bağlı da xəbərdarlıq edib:

“Qazlı içkilər də bəzən risk yarada bilir. Burada bisfenol A maddəsi var. Hansı ki, plastik şüşələrdə, plastikin özündə bu maddə mövcuddur. O nə zaman qidanı zəhərləyir? Su özü də bir qidadır. Rəngli qazlı içkilər olsun, qeyri-qazlı içkilər olsun və ya sadə sular – bunların hamısının saxlanma və satış şəraiti düzgün olmalıdır. Bəzən görürsünüz ki, rəflənməsi düzgün həyata keçirilmir. Məsələn, marketlərə girəndə diqqət etsəniz, çox vaxt suları pəncərə, yəni çölə baxan tərəfə düzürlər və arxadan da günəş şüaları həmin suların üzərinə düşür. Bu zaman burada bisfenol A maddəsi ilə bağlı məsələ ortaya çıxır. Yəni istilik yaranır o suda və istilik yarandığı zaman nə baş verir? Bisfenol A suyu çirkləndirir və bu zaman, belə deyək, plastik çirklənməsi baş verir.

Çox adam deyir ki, “Əşi, suyu içdim, mənə nə oldu ki?” Amma əslində həmin suyu içdikdən sonra baş ağrısı, ürəkbulanma, başgicəllənmə və sairə kimi hallar yarana bilər. Yəni bu simptomlar xırda zəhərlənmə deməkdir. Makro və mikro zəhərlənmələr var. Bu, mikro zəhərlənmə ola bilər. Ona görə də biz tövsiyə edirik ki, ya şüşə qablarda olan sulardan alıb içsinlər, ya da heç olmasa su alarkən kölgədə, günəş şüalarından uzaq yerdə saxlanılan məhsullara üstünlük versinlər. Yəni plastik şüşələrdə olan su və digər içkilər günəş şüalarının birbaşa düşdüyü yerdə satılırsa, oradan uzaq durmaq lazımdır”.